Başqan seçkisini ictimai qeybətdən uzaq tutmalı

Başqan seçkisini ictimai qeybətdən uzaq tutmalı

07-10-2019 11:36 / Bu xəbər 1928 dəfə oxundu

Facebook "tag” sistemini ona görə tətbiq edir ki, biri başqası haqda nəsə yazanda "tag” edib onu da xəbərdar etsin, yəni loru dillə desək, sözü onun üzünə desin. Əks halda deyib-yazdığının bir adı olur – ictimai QEYBƏT!

On günlük facebook tətilindən sonra açıram ki, neçə nəfər inboxuma belə bir ictimai qeybət haqda yazıb. Sən demə, hansısa qapalı qrupda kimsə mənim beş il öncə Müsavatın başqan seçkisi haqda yazdığım "Müsavat Partiyasının üzvü olsaydım…” adlı yazımı paylaşıb. Və bu, orada ciddi müzakirəyə səbəb olub. 

Şəmşad Ağa da eləməyib tənbəllik müzakirələrə qoşularaq yazıb ki, guya mən 2003-cü il prezident seçkisi vaxtı İsa Qəmbərin əleyhinə hansısa sənədə qol çəkmişəm.

Şəmşad Ağa arqument.az saytının redaktorudur, jurnalist fəaliyyətiylə məşğuldur. Peşəkar jurnalistikanın birinci qızıl şərti yazdığını faktla, arqumentlə əsaslandırmaqdır. Arqumentsız yazan arqument.az saytının redaktoru Şəmşad bəy peşəkar deyilmi? 

O, həm də jurnalist etikası şərtlərinə də əməl etməyib. Ən azı bunu yazmadan öncə məndən soruşa bilərdi. Etməyib, demək, qəsdi başqadır, nədisə, peşəkar jurnalistikadan uzaq bir şeydir.

Açığı mənə maraqlı gələn onun yazdığını oxuyan İsa Qəmbər, Arif Hacılı, Tofiq Yaqublu, Yadigar Sadıqlı və məni şəxsən tanıyan başqa müsavatçıların cavablarıdır. Şəmşad bəyə cavab veriblərmi? Bilmirəm, qrupda yoxam.

Söz düşdü, yeri gəldi, Müsavatın yeni başqan seçkisi haqda da bir kəlmə deyim. Əvvəlki seçki təəssüf doğurdu. Partiya parçalandı. Arzu edilən o idi ki, narazılar tərk etməyəydilər, qalıb böyük fraksiya yaradaydılar.

O vaxtkı yazımda Qubad İbadoğlunu yox, açıq şəkildə Arif Hacılını dəstəkləmişdim. İstiqlalçı millət vəkili, hərəkat liderlərindən biri kimi başqanlığı onun haqq etdiyini yazmışdım.

"Başqanlıq onun halalıdır! Müsavatçılar bu ölkədə haqqın hələ tam itmədiyini öz hərəkətləriylə nümayiş etdirəcəklər. Dostumuz Qubad bəy də başqanlığı haqq eləmiş Arif Hacılının seçiminə halallığını verib elə özü ona səs verəcək. Və beləcə növbəti başqanlığı özünə haqq edəcək”.

Şad olduğum o idi ki, Qubad bəy o yazını anlayışla qarşılayıb, özünəməxsus ağayanalıqla məndən inciməmişdi. O vaxt patriya parçalanmasaydı, bu gün mən ikinci "Müsavat Partiyasının üzvü olsaydım…” yazısı yazar, Qubad bəyi dəstəkləyərdim.

İndi Müsavat başqan seçkisinə üç layiqli namizədlə gedir. Bir-birindən layiqli üç namizədlə seçkiyə getməsi Müsavatın son illərdəki ən böyük uğurlarından biridir. İkinci belə bir hala başqa heç bir partiyada rast gəlinməyib.

"Müsavat Partiyasının üzvü olsaydım…” adlı ikinci yazı yazmaq istəmirəm, partiya üzvləri özləri seçim edəcəklər. Mənə arzulamaq düşər. Arzu edirəm ki (həm də inanmaq istəyirəm), parçalayan yox, birləşdirən seçki olsun. Bu gün xalqın parçalayan yox, birləşdirən siyasi liderlərə ehtiyacı var.

Elə qruplara, firqələrə, dəstələrə parçalandığına görə o böyüklüyündə Milli Azadlıq Hərəkatı hədəflərinə sonacan çatmadan süqut elədi.

Siyasətimizi ictimai qeybət səviyyəsindən çıxarıb siyasi mədəniyyət nümunəsinə çevirəcək şəxsə səs verərdim. Müsavat Partiyasının üzvü olsaydım…

Vahid Qazi
7 oktyabr 2019

Redaktorun qeydi: Bu müzakirə yalnız müsavatçıların olduğu qapalı qrupunda gedib.