Bayden müharibənin ildönümü ərəfəsində Kiyevə gəldi

Bayden müharibənin ildönümü ərəfəsində Kiyevə gəldi

20-02-2023 17:08 / Bu xəbər 973 dəfə oxundu

"Ukrayna demokratiyası, suverenliyi və ərazi bütövlüyünə qətiyyətli sədaqətimizi təsdiqləməyə gəlmişəm”

ABŞ Prezidenti Co Bayden fevralın 20-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin bir illiyi ərəfəsində Kiyevə elan olunmamış səfər edib.

Səfər zamanı Ukrayna Prezident Volodimir Zelenskiylə görüşən Bayden Vaşinqtonun nə qədər vaxt lazım olarsa, Ukraynanın yanında olacağına söz verib.

Bayden Kiyevə səfər edərkən Ukrayna paytaxtında hava hücumu sirenləri səslənib.

"Sizin səfəriniz bütün ukraynalılar üçün son dərəcə mühüm dəstəyin əlamətidir”, – deyən Zelenski, səfər zamanı Baydenlə uzaqmənzilli silahları müzakirə etdiklərini söyləyib.

"Dünya Rusiyanın Ukraynaya qarşı qəddar işğalının birinci ildönümünə hazırlaşdığı bir vaxtda mən bu gün Kiyevə Prezident Zelenski ilə görüşməyə, Ukrayna demokratiyası, suverenliyi və ərazi bütövlüyünə qətiyyətli sədaqətimizi təsdiqləməyə gəlmişəm”, – Baydenin bəyanatında deyilir.

O bildirib ki, Putin bir il əvvəl Ukraynanı işğala başlayanda bu ölkənin zəif olduğunu düşünürdü: "Elə bilirdi ki, Qərb parçalanıb. O, bizi məğlub edəcəyini düşünürdü, ancaq yanılırdı".

Ağ Ev Baydenin Rusiyaya qarşı əlavə sanksiyalar və Ukraynaya artilleriya sursatları, zireh əleyhinə sistemlər və hava nəzarəti radarları da daxil olmaqla hərbi dəstək verəcəyini bildirib.

Baydenin səfəri Prezident Vladimir Putinin keçən il fevralın 24-də başladığı işğalın ikinci ili üçün Rusiyanın məqsədlərini açıqlayacağı gözlənilən əsas çıxışından bir gün əvvəl baş tutub.

Ukraynanın Xarici İşlər Nazirliyi daha öncə məlumat yaymışdı ki, fevralın 20-də Kiyevə Ukraynanın "aparıcı” qərb tərəfdaşlarından kiminsə səfəri gözlənir. 

Jurnalistlər və sosial media istifadəçiləri Ukrayna paytaxtında səhər tezdən yolların bağlanmasına diqqət çəkirdilər.

Xarici işlər nazirinin müavini Andrey Melnik deyirdi ki, Rusiya işğalının birinci ildönümündə "sürpriz” hazırlanır.