Bayden seçki yarışından çəkildiyini açıqladı
21-07-2024 23:45 / Bu xəbər 770 dəfə oxundu
O, Kamala Harrisin demokratlardan prezidentliyə namizəd olmasını təklif edib
ABŞ Prezidenti Co Bayden iyulun 21-də payızda baş tutacaq seçki yarışından geri çəkildiyini açıqlayıb.
Bu barədə ABŞ Prezidentinin "X” (Twitter) hesabında məlumat yayılıb.
"Prezident kimi Sizə xidmət etmək həyatımın ən böyük və şərəfi hissəsi olub. Yenidən seçilmək niyyətində olsam da, geri çəkilməyimin partiyamın və ölkəmin xeyrinə olduğuna inanıram. Müddətimin qalan hissəsində prezident kimi vəzifələrimi yerinə yetirəcəyəm”,– deyə 81 yaşlı Bayden deyib.
Co Bayden vitse-prezident Kamala Harrisin demokratlardan prezidentliyə namizəd olmasını təklif edib.
"2020-ci ildə partiyanın namizədi kimi ilk qərarım Kəmala Harrisi vitse-prezidentim kimi seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Mən Kamalanı bu il partiyamızın namizədi olaraq tam dəstəkləmək və təsdiqləmək istəyirəm”, – Bayden bildirib.
Ötən həftə bir neçə ABŞ mediası məlumat yaymışdı ki, Co Bayden 20-21 iyulda seçki yarışından çəkiləcəyi barədə qərar verəcək.
İyunun 27-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla debatdakı uğursuzluqdan sonra təmsil olunduğu Demokratlar Partiyasının bəzi nümayəndələri Baydeni seçki kampaniyasından çəkilməyə çağırmışdılar.
İyulun 17-də ABŞ Prezidenti Co Baydenin koronavirusa yoluxması barədə rəsmi məlumat yayılıb.
Qeyd olunmuşdu ki, Co Bayden bir neçə dəfə peyvənd olunub və COVİD-in "yüngül simptomları”nı yaşayır: "ABŞ Prezidenti evinin olduğu Delaverə qayıdacaq, burada özünü təcrid edəcək və vəzifələrini tam şəkildə yerinə yetirəcək".
Co Bayden 2022-ci ilin iyulunda da koronavirusa yoluxmuşdu.
Daha sonra bildirildi ki, ABŞ Prezidenti peyvəndin tam kursunu bitirib və iki dəfə təkrar peyvənd olunub.
On gündən sonra o, yenidən test edib və cavab müsbət olub.
Co Bayden 2021-ci ildən ABŞ Prezidentidir.
Noyabrın 5-də ABŞ-da prezident seçkisi keçiriləcək.