Bayden: "Zelenski xəbərdarlıqları eşitmək istəmirdi"

Bayden:

13-06-2022 15:06 / Bu xəbər 714 dəfə oxundu

"Birləşmiş Ştatlar Ukrayna hökumətini Rusiyanın müdaxiləyə hazırlaşması barədə dəfələrlə xəbərdar edib, amma Kiyev xəbərdarlıqlara qulaq asmayıb". 

CNN xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden iyunun 12-də ianə toplanışı üçün Los-Ancelesdə keçirilən tədbirdə deyib.

"İkinci dünya müharibəsindən sonra buna bənzər hadisə baş verməmişdi. Bilirəm, bir çoxları düşünürdü ki, ola bilsin, mən şişirdirəm", - deyə Bayden söyləyib və əlavə edib:  Amma mən bilirdim, çünki əlimizdə [Putinin] sərhəddən müdaxiləyə hazırlaşması barədə məlumatlar vardı. Buna heç bir şübhə yox idi”.

Baydenin sözlərinə görə, bütün xəbərdarlıqlara baxmayaraq, Zelenski bunu eşitmək istəmirdi. 

Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak isə Baydenin sözlərinə "tvitter"də münasibət bildirib: "Ukrayna ötən ildən müharibəyə hazırlaşır: mümkün təcavüz barədə informasiyanı təkcə Qərb kəşfiyyatı deyil, bizim kəşfiyyat da verirdi”. 

"Əgər böyük ölkələr Rusiyanın militarist iştahası barədə yetərincə məlumatlı ikən müdaxilənin qarşısını ala bilməyiblərsə, tam miqyaslı müharibədə resursları daha çox olan rəqibə qarşı 100 gündən artıq müddətdə effektlə döyüşən ölkəni nədəsə günahlandırmaq gülüncdür”, - Podolyak yazıb.

Xatırlatma 

Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb. 

Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb. 

Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. 

Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. 

BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.