Bayden Zelenskini Vaşinqtona dəvət etdi
08-06-2021 18:06 / Bu xəbər 1107 dəfə oxundu
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında iyunun 7-də baş tutan telefon danışığı barədə jurnalistlərə məlumat verib.
"Radio Svoboda" xəbər verir ki, telefon söhbəti zamanı ABŞ prezidenti Zelenskiyə onu bu yay Ağ Evdə görməkdən məmnun olacağını bildirib.
Bayden özünün qəti mövqeyini – Ukraynanın suverenliyini dəstəkləməsini bir daha ifadə edib.
"Röyters" agentliyi isə Ukrayna prezidentinin müşavirinə istinadən Kiyevdən xəbər verir ki, Bayden və Zelenski ABŞ və Rusiya prezidentlərinin iyunun 16-da Cenevrədə baş tutacaq görüşü ərəfəsində öz mövqelərini uzlaşdırıblar.
Vladimir Zelenski daha əvvəl bildirmişdi ki, Co Baydenlə Amerika-Rusiya sammitindən qabaq görüşmək istəyir.
Zelenskinin sözlərinə görə, o, ABŞ administrasiyasının "Şimal axını – 2” qaz kəmərinə qarşı sanksiya tətbiq etməmək qərarından məyus olub.
Ukrayna prezidenti bildirib ki, kəmər tikintisinin dayandırılmasının vacibliyinə inandırmaq üçün istənilən vaxt ABŞ prezidenti ilə görüşməyə hazırdır.