Bayram Məmmədov dəfn edilib

Bayram Məmmədov dəfn edilib

09-05-2021 14:10 / Bu xəbər 4801 dəfə oxundu

Türkiyədə vəfat edən azərbaycanlı fəal Bayram Məmmədov mayın 9-da Bakıda dəfn olunub.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyirlər. 

Onun ölümü haqda məlumat mayın 4-də, gecə saatlarında yayılıb.

Bu barədə dostu Elgiz Qəhrəmanlı məlumat yayıb. 

O deyib ki, mayın 2-də Bayram Məmmədovdan xəbər ala bilməyib və axtarış üçün polisə müraciət edib. 

Bundan sonra isə onun ölüm xəbərini alıblar. 

Kadıköy Polis İdarəsinin yaydığı məlumata görə, Bayram Məmmədov mayın 2-də, saat 15:00 radələrində dənizə girib və çıxmayıb. Onun dənizdə boğulduğu bildirilib. 

Atası və dostları Bayram Məmmədovun cəsədinə baxış keçirəndən sonra fəalın nəşi mayın 9-da Azərbaycana gətirilib və dəfn edilib.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək” və "Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. 

Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. 

Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. 

Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.

Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar. 

Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib və işgəncələrə məruz qaldığını deyib.