Bayram Məmmədovun ölümü ilə bağlı Türkiyə səfirliyi qarşısında aksiya keçirilib

Bayram Məmmədovun ölümü ilə bağlı Türkiyə səfirliyi qarşısında aksiya keçirilib

10-05-2021 19:39 / Bu xəbər 5857 dəfə oxundu

Azərbaycanlı mühacirlər Berlində Türkiyənin Almaniyadakı səfirliyi qarşısında aksiya keçiriblər.

Məlumatı jurnalist Əfqan Muxtarlı yayıb. 

O, "Meydan TV-nin canlı yayımında deyib ki, aksiya siyasi fəal Bayram Məmmədovun İstanbulda - Kadıköydə müəmmalı ölümü ilə bağlı olub.

Aksiya iştirakçıları Türkiyə hökumətindən Bayram Məmmədovun ölümü ilə bağlı araşdırmaların obyektiv aparılmasını tələb ediblər: "Səfərliyin qarşısında aksiya keçirməklə Türkiyə hökumətindən tələb edirik ki, bu hadisə obyektiv araşdırılsın və azərbaycanlı mühacirlərin Türkiyədə təqib və təzyiqinə son qoyulsun. İndiyə qədər bir neçə mühacir təqiblə üzləşib. Həm Rauf Mirqədirov olayı, həm Sevinc Babayevanın müəmmalı ölümü, eyni zamanda digər siyasi fəalların təzyiqlə üzləşməsi göstərir ki, sifarişlər Azərbaycan hakimiyyəti tərəfindən verilir və Türkiyə hökuməti də bu siyasi sifarişlər əsasında mühacirləri təqib edir". 

Əfqan Muxtarlı qeyd edib ki, Türkiyə azərbaycanlı siyasi fəalların təzyiqinə də son verməlidir: "Qiyas İbrahimovun Türkiyədən deportasiya edilməsi, Bayram Məmmədovun ölümü isə son hədd oldu. Hesab edirik ki, Türkiyə azərbaycanlı mühacirlər üçün təhlükəli ölkəyə çevrilib. Ona görə də bu təzyiqlərə son qoyulmalıdır". 

Jurnalist aksiyanın saat 16:00-da Azərbaycanın Almaniyadakı səfirliyi önündə davam edəcəyini deyib. 

Əfqan Muxtarlı azərbaycanlı mühacirlərin Avropada da təqib və təzyiqlərə məruz qaldığını deyir və o hesab edir ki, bütün bu təzyiqlərin arxasında Azərbaycan hakimiyyəti durur: "Azərbaycan hökuməti Avropada da təqibləri davam etdirir. Belçikda mühacir Vüqar Rzanın müəmmalı ölümü, bir neçə mühacirin döyülməsi aydın göstərir ki, hakimiyyət ölkə xaricində də repressiyalarını davam etdirir. Azərbaycanın Almaniydakı səfirliyi önündə aksiya keçirib tələb edəcəyik ki, təzyiq və təqiblərə son qoyulsun və rəsmi Bakı bu hadisələrin ölkənin xaricdəki imicinə hansı zərbələrin vurduğunun fərqinə varsın".

Azərbaycanlı fəal Bayram Məmmədov mayın 2-də Türkiyədə müəmmalı şəkildə vəfat edib, onun ölümü haqqında məlumat isə mayın 4-də, gecə saatlarında yayılıb.

Dostu Elgiz Qəhrəmanlı deyib ki, mayın 2-də Bayram Məmmədovdan xəbər ala bilməyib və axtarış üçün polisə müraciət edib. Bundan sonra isə onun ölüm xəbərini alıblar. 

İstanbulun Kadıköy Polis İdarəsinin yaydığı məlumata görə, Bayram Məmmədov mayın 2-də, saat 15:00 radələrində dənizdə boğulub.  

Atası və dostları Bayram Məmmədovun cəsədinə baxış keçirəndən sonra fəalın nəşi mayın 9-da Azərbaycana gətirilib və dəfn edilib.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyiblər. 

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək” və "Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. 

Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. 

Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. 

Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.

Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar. 

Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib və işgəncələrə məruz qaldığını deyib.