Bayraq və ifadə azadlığı

Bayraq və ifadə azadlığı

31-01-2022 19:34 / Bu xəbər 1354 dəfə oxundu

Ənnağı Hacıbəyli

"Yeddi oğul istərəm” filmində bir epizod var: komsomolun qərargahdan asdığı sovet bayrağını Gəray bəyin göstərişi ilə bir nəfər kənd adamı çıxarıb atır. Komsomol onu tutub gətirir və məcbur eləyir ki, bayrağı yerinə assın. 

Adam bayrağı asa-asa and-aman eləyir ki, bu, onun təşəbbüsü deyil, deyiblər o da çıxarıb. Bu zaman güllə açılır və zorən-bayraqdar həyatını kayb edir.

Bayraq o insanın yetim qalan uşaqlarının göz yaşına dəyərdimi?
 
İndi də ölkənin ən son gündəmi bayraq olub. Bayrağın yanından ötən birisi onu düşürüb. Bu olaya coşqu ilə münasibət bildirən camaat iki cəbhəyə bölünüb: bayraqdarlar və ifadə azadlıqçıları.

Birincilər deyir ki, bayraq dövlətin simvoludur, bayraq müqəddəsdir və onu təhqir edən ağır cəzalanmalıdır. 

İkincilərin fikrincə, bayrağa belə münasibət ifadə azadlığının bir formasıdır və bayraq müqəddəs deyil, çünki o, sadəcə, bir əsgi parçasıdır.

İndi ölkə qarşısında belə bir taleyüklü sual durur: kim haqlıdır?

Məsələyə hansı tərəfdən yanaşsan, adamın qabağına çoxlu əngəllər çıxır.

Bayraq dövlətin simvoludur – buna kimsənin sözü ola bilməz. Amma bayrağın müqəddəs olub-olmaması məsələsində əyri bitən şeylər çıxır ortalığa. Saxta seçkilərlə seçilmiş adamların öpüb gözünün üstünə qoyduğu parça müqəddəs sayıla bilərmi? 

Altında korrupsiya törədilən, saxta hökmlər yazılan, lüt-üryan yalanlar uydurulan parça müqəddəsdirsə, bəs onda gerçək müqəddəslik nədir? O bayraq bu rəzalətləri götürürsə, nədən bu halları lənətləyirik?  

Başqa yandan, İran bayrağını tapdalamaq, hətta yandırmaq olar, Ermənistan, İsrail bayrağını yandırmaq olar, ayaqlar altına atmaq olar, Rusiya bayrağını ... yox, olmaz. Türkiyə bayrağına da toxunmaq olmaz. Onda bayraq nədir – müqəddəs simvol, yanacaq materialı, etiraz predmeti ya əsgi parçası? 

Bayrağa etiraz ifadə azadlığının bir forması sayıla bilər. Bayraq fiziki olaraq parçadır, bununla da mübahisə etmək mənasızdır. Amma o parçaya əsgi kimi baxmaq ona qutsal yanaşan adamların hisslərinin təhqir olunması deyilmi? 

Parçadan papaq da tikilir, palan da...

İfadə azadlığının mahiyyəti, hədləri, müdafiəsi şərtləri bir hüquq məsələsidir. Bu hissədə bir günün içində çox yazıldı və onları təkrar eləmək istəmirəm. Təkcə onu deyim ki, konkret olaraq bu dəfə bayrağa həqarət ifadə azadlığının primitiv, hətta deyərdim ki, çox mənasız, sarsaq formasıdır. 

Bu hərəkətin səbəbləri hələ ki açıqlanmayıb. Nə rəsmi, nə də müəllif aşıqlaması hələ ki bəllidir. Amma onun altında nəsə ictimai önəmli motivasiyanın olduğu şübhəlidir. Etiraz nədən qaynaqlanırsa, onu daha ictimai dəyərli, məqbul, ağrısız, populyar formada ifadə etmək olardı.

Bayraqlar rahat cəmiyyətlərdə hardasa asılan, çoxlarının fikir vermədiyi, laqeyd qaldığı bir dövlət simvoludur. Ağrılı toplumlarda hər bir nəsnə kimi bayrağa münasibət də ağrılıdır. Üstəlik, təzəcə səngimiş müharibədən sonra ona münasibət daha da ağrılıdır. 

İfadə azadlığı hüququndan yararlanmaq fikrinə düşmüş adam bunları gözardı edəndə ona münasibət daha da aqressiv olur. Hətta bəzi hüquq müdafiəçilərinin ağır cəza tələbləri nə qədər absurd olsa da, çoxlarında normal münasibət doğurur. 

Həyatımız film kimi davam edir...

Əslində problem təkcə bayrağa, onu aşağılayana münasibətdə deyil. Problem daha çox toplumun aşırı qütbləşməsində, hadisələrə ağ-qara prizmasından yanaşmada, toplumun başlıca problemlərinin belə xırda-xuruş olaylarla pərdələnməsindədir. 

Ağrılı cəmiyyətin ağrılı da reaksiyası olur, burası bəlli. Amma toplumun immunitetinin belə ucuz şeylərə xərclənməsi daha pisdir.

Gücünüzü qoruyun. Dövlətin müdafiə ediləsi dəyərləri daha ağır təhlükə qarşısındadır.