BBC: Lavrov Türkiyənin Qarabağ danışıqlarına qatılması təklifini rədd edib

BBC: Lavrov Türkiyənin Qarabağ danışıqlarına qatılması təklifini rədd edib

13-10-2020 10:00 / Bu xəbər 1014 dəfə oxundu

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı danışıqlara Türkiyənin qatılması təklifini rədd edib.  

"BBC news türkçe" belə yazır.  
 
Oktyabrın 12-də Moskvada Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan ilə birgə mətbuat konfransı keçirən Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiya, ABŞ və Fransa Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində nail olmalıdırlar.

"Azərbaycana fəal dəstək verən Türkiyə münaqişənin həllində vasitəçi ola bilməz", - bu isə Ermənistan Xarici işlər naziri Mnatsakanyanın dözləridir.
 
"BBC news türkçe”nin xəbərində həmçinin bildirilir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar telefon danışığı zamanı həmkarı Sergey Şoyquya deyib ki, Ermənistan silahlı qüvvələri təcili olaraq işğal altındakı Azərbaycan ərazilərindən çıxarılmalı və mülki vətəndaşlara qarşı hücumları dayandırmalıdır.  
 
Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasında da bu məqama toxunulub: "Azərbaycan daha 30 il Dağlıq Qarabağ probleminin həllini gözləməyəcək, Türkiyə öz torpaqlarını geri almağa çalışan Azərbaycanın yanındadır".  
 
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib. 

Döyüşlər nəticəsində Azərbaycanın Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirilir. 

Oktyabrın 10-da Moskvada Rusiya, Azərbaycan, Ermənistan XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.