BDU-da tələbələr YAP-ın təbliğatına cəlb olunub

BDU-da tələbələr YAP-ın təbliğatına cəlb olunub

05-02-2024 15:20 / Bu xəbər 849 dəfə oxundu

Ekspert: "Təhsil müəssisəsində siyasi fəaliyyət qadağandır”

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatında (TGT) təmsil olunan bir qrup tələbənin "WhatsApp” üzərindən gizli qrup açaraq növbədənkənar Prezident seçkisi barədə tərəfli təbliğat apardığı bildirilir.

Bununla bağlı məlumatı Tələbə Güc Mərkəzi yayıb.

Mərkəzin bildirdiyinə görə, tələbələr onlara qrupun gizli saxlanılması barədə tapşırıq verildiyini deyiblər.

Mərkəz həmçinin Tələbə Gənclər Təşkilatı tərəfindən yaradılan qrupun skrinşotlarını ("screenshot”: ekran görüntüləri) da paylaşıb.

Skrinşotlarda tələbələrə fevralın 7-də növbədənkınar seçkidə iştirak edəcək hakim partiya ilə bağlı paylaşımları bəyənərək şərh yazmaq tapşırılıb.

"Təhsil siyasət aləti deyil. BDU başda olmaqla bu hal yaşanan universitet rəhbərliklərindən məsələnin araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirik”, – Tələbə Güc Mərkəzinin açıqlamasında deyilir.

Adının açıqlanmasını istəməyən BDU-nun Tələbə Gənclər Təşkilatının üzvü Meydan TV-yə məsələdən xəbərsiz olduqlarını deyib.


Foto: Screenshot

"Bizim bu barədə heç bir xəbərimiz yoxdur. Situasiyanı da şərh etmək istəmirik. Paylaşımlardan xəbərimiz yoxdur, ilk dəfə sizdən eşidirik”, – o qeyd edib.

Bakı Dövlət Universitetindən Meydan TV-yə bildirilib ki, sual yalnız sorğu şəklində və həftə ərzində cavablandırılacaq.

Elm və Təhsil Nazirliyinindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə deyir ki, təhsil müəssisələrində siyasi təbliğat  "Təhsil haqqında”  Qanunun 14.9-cu maddəsinin pozulması deməkdir: "Qanunda birbaşa yazılıb ki, təhsil müəssisələrində siyasi fəaliyyət qadağandır. Bunların heç birinə məhəl qoymurlar. Bakıda hər hansı bir məktəbə getsəniz, YAP-ın (Yeni Azərbaycan Partiyası) orada təşkilatının olduğunu görəcəksiniz. Bunlar üçün qanun yoxdur, əsas göstərişdir. Daha öncə də dediyim kimi, məktəb artıq təhsillə deyil, siyasətlə məşğuldur. Təhsil siyasətə qoşulub. Nə qədər ki məktəblərdə seçki qutusu var, orada təhsil olmayacaq. Elm və Təhsil Nazirliyinin hünəri çatarmı bunun qarşısını alsın?! Əksinə, nazirliyə göstəriş verirlər ki, get, bunu təşkil et”.

Azərbaycanda növbədənkənar Prezident seçkisi fevralın 7-də olacaq.