Bəhruz Səmədov məhkəməyə gətirilərkən: "Yaşasın sülh!"

Bəhruz Səmədov məhkəməyə gətirilərkən:

05-09-2024 17:33 / Bu xəbər 811 dəfə oxundu

Sentyabrın 5-də Səbail Rayon Məhkəməsində siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun evində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış aparılmasının qanunsuz hesab edilməsinə dair verilmiş şikayətlə bağlı məhkəmə prosesi keçirilib. 

Tədqiqatçı məhkəməyə gətirilərkən ittihamların yalan olduğunu bildirib və "yaşasın sülh!", "yaşasın xalqların qardaşlığı!" şüarları səsləndirib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Bəhruz Səmədovun evində məhkəmə qərarı olmadan axtarış aparılıb, müdafiə tərəfi isə bunu qanunsuz hesab edir və bununla bağlı məhkəməyə şikayət edib.

"Onun evindən sənədlərini, diplomlarını götürüblər. Məhkəmədən xahiş etdik ki, məhkəmə qərarı olmadan axtarış aparıldığını qanunsuz hesab eləsin və götürülmüş əşyalar geri qaytarılsın. Lakin məhkəmə vəsatətimizi təmin etmədi. Qərardan apellyasiya şikayəti verəcəyik", - deyə Sadıqova qeyd edib.

Vəkilin sözlərinə görə, tədqiqatçı məhkəmədə sülh istədiyini və müharibə əleyhinə olduğuna görə həbs olunduğunu bildirib: "Bəhruz dövlətə xəyanət edəcək vəziyyətdə deyil, nə də belə bir istəyi olub. Bu barədə danışarkən o sual edir: "Mən hansı məlumat sahibiyəm ki, hər hansı xəyanət edim?". Özünü günahsız hesab edir".

Səmədovun nənəsi Zibeydə Osmanova nəvəsinin günahsız olduğunu deyir: "Bütün gənclər müharibə istəmir, Bəhruz da eynilə. Sülh istəmək vətənə xəyanət deyil, vətənə xəyanət tamamilə başqa şeydir".

Nənəsinin sözlərinə görə, o, Bəhruz Səmədovu həbs olunan gündən görə bilmir.

Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova
Fotolar: Ülviyya Ali

"Məhkəməyə gətirilərkən də onu gətirib-aparanlar qabağını elə tuturlar ki, başqa heç bir göz onu görməsin. 80 yaşında qoca nənəyəm, nəvəmin üzünü görəndə nə olar? Bu da cinayətdir? Bu dərəcədə özbaşınalıq olmaz. İmkan verin insanlar nəfəs alsınlar. Öz balasını, doğmasını görə bilsinlər", - deyə o bildirib.

Siyasi tədqiqatçı avqustun 21-də həbs olunub. 

Avqustun 23-də isə Səbail Rayon Məhkəməsi Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir. 

O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır, elə həbsinin səbəbini də bunda görür.

Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir(Amerikanın Səsi).