Belarus hakimiyyəti tənqidçilərini uşaqları ilə təhdid edir
23-01-2025 00:18 / Bu xəbər 178 dəfə oxundu
Bu kimi tədbirlərin yanvarın 26-da keçiriləcək prezident seçkisi öncəsi tənqidçiləri susdurmaq üçün düşünüldüyü deyilir
Belaruslu ictimai fəal (ad açıqlanmır) və ailəsi bu yaxınlarda "sosial baxımdan güvənsiz” durumda olan ailələr siyahısına daxil edilib.
Onun sözlərinə görə, onların adı bu siyahıya ötən il "ekstremist material yaymaqda” günahkar bilinməsindən sonra salınıb.
Qanuna görə inzibati xəta sayılan "ekstremist material yaymaq” ittihamından Belarusda çox zaman Aleksandr Lukaşenko rejimini tənqid edən sosial media postlarını bəyənib-paylaşanlara qarşı istifadə edilir.
"Sosial baxımdan güvənsiz” durumda olan ailələr statusu isə istimai fəalın və xanımının valideynlik hüququndan məhrum edilməsi, övladlarının da dövlət uşaq evlərinə göndərilməsi ilə nəticələnə bilər.
Polisin "ekstremist material” saydığı kontentin Daxili İşlər Nazirliyinin vaxtaşırı yenilədiyi siyahısında Belarusda yasaqlanan çoxsaylı müstəqil media saytları da var.
"Azadlıq" radiosunun Belarus xidməti və Radionun əməkdaşı Fərəngis Nəcibullanın hazırladığı məqalədə deyilir ki, belə kontentə abunə olmaq, onların məqalələrinə şərh yazmaq, yaxud onları paylaşmaq ekstremizmdə ittihama yol aça bilər.
İctimai fəalın fikrincə, komissiyanın qərarı onu hökumətə qarşı baxışlarına görə cəzalandırmaq üçün verilən siyasi motivli cəzadır.
"İslah” olması üçün ona üç ay vaxt verilib. Əks halda övladları ailənin əlindən alınacaq.
O, isə Belarusu tərk etmək qərarına gəlib.
Belarus daha öncə də siyasi məhbusların övladlarının əllərindən alınmasına və ya sadəcə, insanları bu mövzuda hədələməsinə – onları guya risk altında olan ailələrin siyahısına saldığına görə insan haqları qurumları tərəfindən tənqid edilib.
Hökumətsə israr edir ki, Belarusda heç bir siyasi məhbus yoxdur. Ancaq insan haqları qurumları bildirir ki, ölkədə 1300-dək siyasi məhbus var və onların çoxuna tibb xidmətlərinə çıxış, yaxud yaxınları ilə əlaqə saxlamaq imkanı verilmir.
Belaruslu fəallar deyirlər ki, indi dövlət qurumları siyasi məhbuslara qarşı istifadə etdikləri praktikanı sosial mediada bilgi paylaşan valideynlərə də tətbiq etməyə başlayıblar.
İctimai fəallar siyahıya salındıqdan sonra daim övladları üzərində qəyyumluğu itirmək təhlükəsi ilə üz-üzə qalacaqlarını deyirlər.
Qara siyahıya salınan ailələr yaxından izlənilir. Bəzi ailələr yerli məmur və həkimlərin dolanışıq durumunu yoxlamaq bəhanəsiylə həftədə altı dəfəyədək onların evlərini qəfil ziyarət etdiyini deyir.
Valideynlərin fikrincə, bu tədbirlər yanvarın 26-da keçiriləcək prezident seçkisi öncəsi bütün hakimiyyət tənqidçilərini susdurmaq üçün düşünülüb.
Bu seçkilərdə 70 yaşlı Lukaşenkonun yeddinci dəfə özünü Prezident elan edəcəyi gözlənilir.
2020-ci ildə Lukaşenkoya altıncı dəfə prezident olmaq imkanı verən seçkinin ardınca baş qaldıran kütləvi etirazlar zamanı hökumət minlərlə insanı həbs edib.
"Avropanın son diktatoru” adlandırılan Lukaşenko 1994-cü ildən hakimiyyətdədir.
Hökumətin onu tənqid edənlərə qarşı qəyyumluqdan istifadə kampaniyasının nə qədər valideynə təsir etdiyi bilinmir.
Ölkənin cənub-qərbində yerləşən Brest bölgəsində hakim çalışan Svetlana İlyuşina deyir ki, Belarus məhkəmələri 2023-cü ildə 1225 kişini, 595 qadını və 467 cütlüyü valideynlik hüququndan məhrum edib.
Bu işlərdən neçəsinin siyasi motivli olması haqda dəqiq bilgi yoxdur.