Belaruslu Nobel mükafatıçısından Lukaşenkoya: Gec olmadan get

Belaruslu Nobel mükafatıçısından Lukaşenkoya: Gec olmadan get

14-08-2020 12:36 / Bu xəbər 10871 dəfə oxundu

Svetlana Aleksiyeviç Belarus hakimiyyətini öz xalqına müharibə elan etməkdə qınayıb

Belaruslu Nobel mükafatçısı Svetlana Aleksiyeviç ölkəsində etirazçılara qarşı polis zorakılığını qınayaraq Aleksandr Lukaşenkonu dinc yolla hakimiyyətdən getməyə çağırıb,- "Guardian” xəbər verir.

72 yaşlı yazar 1986-cı il Çernobıl fəlakəti də daxil olmaqla repressiv sovet rejimi altında müharibə və həyat dəhşətlərini qələmə aldığı üçün 2015-ci ildə Nobel ədəbiyyat mükafatına layiq görülüb.

Bazar günü mübahisəli prezident seçkiləri ilə əlaqədar Belarusda başlayan etirazlara reaksiyasında yazıçı bildirib ki, Lukaşenko vətəndaş müharibəsinin qarşısını almaq üçün dinc şəkildə istefa verməlidir.

"İnsanları dəhşətli uçuruma, vətəndaş müharibəsi uçurumuna atmazdan əvvəl, çox gec olmadan get”, - Aleksiyeviç Azadlıq Radiosuna müsahibəsi zamanı deyib.

"Siz sadəcə güc istəyirsiniz və istəyiniz qanla bitəcək”,- o əlavə edib və Belarus hakimiyyətini "öz xalqına müharibə elan etməkdə” günahlandırıb.

O, çevik polislərin "qeyri-insani” hərəkətlərindən heyrətə gəldiyini və bu qüvvələrin Rusiyadan köməyə çağırıldığını deyib.

Bazar günü keçiriləcək prezident seçkilərindən əvvəl Aleksiyeviç Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya səs verəcəyini deyib.

Yazıçı siyasi təcrübəsi olmayan və indiyədək evdə oturan ana olan Tixanovskayanın çərşənbə axşamı qonşu Litvaya təhlükəsizlik üçün getdiyini başa düşdüyünü də bildirib.

"O, dəyişikliyə, yeni həyata can atmaq simvoludur və hələ də qalmaqdadır. O bacardığını etdi. Onun haqqında heç bir pis sözüm yoxdur. İndi kişilər ön plana çıxsınlar”.

O, müxalif siyasətçi Valeri Tsepkaloya dəstək verdiyini deyib. Çərşənbə günü Tsepkalo müxalifətin işini davam etdirmək üçün Milli Qurtuluş Cəbhəsi adlı siyasi hərəkat yaratmaq planını açıqlayıb.

Aleksiyeviç belaruslu etirazçılara heyranlığını ifadə edərək deyib: "Mən son bir neçə həftə ərzində sadəcə xalqıma aşiq oldum”.///Meydan.Tv