Bələdiyyə sədri saxtakarlıqda ittiham edilir

Bələdiyyə sədri saxtakarlıqda ittiham edilir

15-09-2020 12:10 / Bu xəbər 855 dəfə oxundu

"Vətəndaşa satdığı torpağı keçmiş tarixə rəsmiləşdirib”

Ağstafanın Daşkəsəmən kəndinin bələdiyyə sədri Ariz Bayramova qarşı cinayət işi açılıb.

Məlumatı Qazax Rayon Prokurorluğu yayıb.  

Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə açılan cinayət işində onun bələdiyyəyə məxsus 0.3 hektar torpaq sahəsini qanunsuz satdığı bildirilir.

"Vətəndaşa satdığı torpağı keçmiş tarixə rəsmiləşdirib. Guya alqı-satqı 2006-cı il oktyabrın 6-da gerçəkləşdirilib. Bir sözlə, sənəd saxtalaşdırıb. Sonra da həmin sənədi imzası və bələdiyyənin möhürü ilə təsdiqləyib”, - prokurorluğun məlumatında deyilir.  

Bildirilir ki, hazırda cinayət işi üzrə təqsirli olan bütün insanların tapılması istiqamətində istintaq tədbirləri davam edir. Onlar tapılaraq istintaqa cəlb ediləcəklər.   

Azərbaycanda vəzifəli şəxslərin həbsinə 2019-cu ilin sonlarından başlanıb. İndiyədək ikisi sabiq olmaqla, yeddi icra başçısı həbs edilib. Eyni zamanda, bəzi bölgələrin bələdiyyə sədri, icra nümayəndəsi də məsuliyyətə cəlb olunub. Bundan əlavə, ölkədə həm də nazir müavinləri, güc strukturlarında çalışan generallardan da hakim önünə çıxarılanlar olub. 

Onlar daha çox vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə və rüşvət almada ittiham ediliblər. Sonradan onlardan bəziləri bəraət alıb.

Əksəriyyətinin barəsində hər hansı məhkəmə hökmü hələlik, açıqlanmayıb. Odur ki, bu ittihamlara onların dəqiq münasibəti bəlli deyil.///Meydan.Tv