Berbok Bakıda insan hüquqları ilə bağlı problemləri müzakirə etdi
04-11-2023 22:30 / Bu xəbər 1190 dəfə oxundu
Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb.
Bu barədə hüquq müdafiəçisi, "Müdafiə Xətti" insan hüquqları təşkilatının rəhbəri Rüfət Səfərov "Arqument.az"a danışıb.
Səfərov deyib ki, almaniyalı nazirlər insan hüquqları ilə bağlı problemlər geniş müzakirə olunub: "Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşdük. Görüşdə Azərbaycanda insan hüquqlarının mövcud vəziyyəti, repressiv mühit, siyasi yüklü inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının durumu, xüsusilə, Almaniyadan deportasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs olunan, bəzi hallarda işgəncəyə məruz qalan fəalların işləri, eləcə də Azərbaycan-Ermənistan münasibətləri, işğal altında olmuş ərazilərdə aparılan antiterror əməliyyatları, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, hərbçilərin və mülki şəxslərin mina qurbanı olması və s. mövzular müzakirə obyekti oldu".
Görüşdə vəkillər Zibeydə Sadıqova, Elçin Sadıqov, Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann və xarici işlər naziri Annalena Berboku müşayiət edən alman mediasının təmsilçiləri də iştirak edib.