Bərdə bazarında 12 mağaza yandı — VİDEO

Bərdə bazarında 12 mağaza yandı — VİDEO

21-07-2019 17:03 / Bu xəbər 795 dəfə oxundu

Gecə saat 03:00 radələrində Bərdə rayonunda "Köhnə bazar” adlanan ərazidə güclü yanğın olub.

"Report”un Qarabağ Mərkəzinin məlumatına görə, nəticədə qalayçı dükanı, mebel və məişət avadanlıqları satılan 12 mağaza yanıb.

Sahibkarlar hadisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Dəymiş ziyanın hələ dəqiq məlum olmadığını deyən sahibkarlar, 400 min manata yaxın məhsulun yandığını bildiriblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Onların müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər obyektlərə və yaxınlıqda yerləşən məktəb binasına keçməsinin qarşısı alınıb. Hadisə zamanı FHN-in bir əməkdaşını cərəyan vurub. Vəziyyəti ağır olan həmin şəxsin nitqi tutulub. Hazırda şəxsiyyəti məlum olmayan FHN əməkdaşı xəstəxanaya yerləşdirilib.

"Bərdə rayonunda "köhnə bazarda” baş verən yanğınla bağlı ekspertiza qrupu araşdırmalara başlayıb".

Bunu isə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev "Report”un Qarabağ Mərkəzinə bildirib.

Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır:  "Bundan sonra yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.

V.Qarayev deyib ki, yanğın baş verən ticarət obyektlərinə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə baxış keçiriblər. Yeddi sahibkara məxsus 12 mağaza yanıb. Hazırda sahibkarların sığortası olub, olmaması araşdırılır.