Bertold Brextin Qalileyi

Bertold Brextin Qalileyi

15-01-2022 01:26 / Bu xəbər 1061 dəfə oxundu

Ənnağı Hacıbəyli

XVII əsrin başlanğıcı. Orta əsrlərin zülməti davam edir. Bu zülməti işıqlandırmaq həvəsinə düşən hər kəs kilsənin hədəfindədir. Bu işıqlardan biri də Qalileo Qaliley idi. 

Şərab çəlləkləri daşıyan arabaçıdan da az maaş alan alimin riyaziyyatdan universitetdə oxuduğu iki mühazirəyə cəmi dörd bağ odun düşür. Hətta bizim Akademiyanın alimləri də ondan azı iki dəfə çox maaş alırlar.

İcad etdiyi teleskopu ilə göylərdə elm axtaran katoliki Tanrı az maraqlandırır. Teleskopda göy cisimlərini alim dostuna göstərəndə dostu soruşur: "Bəs Tanrı hardadır?” Qaliley cavab verir: "O nə göydə, nə də yerdədir. O ya bizim özümüzdə, ya da ki, heç yerdə deyil”. 

Florensiyanın 9 yaşlı hersoquna "Məni sarayınıza qəbul edin, mən sizə yaxınlaşaraq zəmanəmizi nura qərq edəcək doğan Günəşin yanında olmaq qədər heç bir şeyə can atmıram” yazanda təkcə mədəsini doldurmağı düşünmürdü, daha çox hər şeyə hakim kilsənin ehkamlarını dağıdan teleskopunu düşünürdü – ehkamları dağıdanların da himayəyə ehtiyacı olur...

"Mən kilsənin inanclı övladıyam” bəyanatının da tonqaldan qarantiya olmadığını bilirdi.

Astronomiya barədə kilsənin fikri ilə Qalileyin fikri uyğun gəlmirdi. Kilsənin fikrincə astronomiya qoturluq kimidir – adamın canına düşdümü, çıxmır. 

Qaliley üçün isə astronomiya ibadət idi – Tanrılı və ya Tanrısız.

Roma katolik kilsəsinin baş astronomu Roma Elmlər Akademiyasının akademiki Qalileyin kəşfini təsdiq etsə də, Müqəddəs Şura Kopernikin Günəşin hərəkətsizliyi və Yerin Günəş ətrafında fırlanması barədə təlimini küfr elan edir. Qərarla mübahisə edən Qalileyə deyirlər ki, "elm kilsənin qanuni və çox sevimli qızıdır”.

Qalileyin "kilsənin inanclı övladı” bəyanatına kilsə eyni səmimiyyətlə cavab verir.

Kilsə, o sıradan kardinal-inkvizitor Qalileyin dahiliyini etiraf edir, buna baxmayaraq onun kəşflərinin kilsə qanunlarına, müqəddəs kitablarda yazılanlara uyğun gəlməməsi ilə barışa bilmir. Bu, ehkamların dinamik elmi təfəkkürlə, onun sonucları ilə çarpışmasıdır. 

Elm daim hərəkətdədir, ehkamların isə yenisi olmur. 

Qaliley də, inkvizitor da ətdən və qandan ibarət olsa da, hər ikisinin xəyalı göylərə dikilsə də, onlar səmada fərqli nəsnələr görürlər: biri səma cisimlərini görür, o birilər isə orada Tanrı axtarırlar. Birincinin gördüklərini hamı, o sıradan kilsə də təsdiqləyib, ikincilərin axtarışları isə bu gün də davam edir...

Qalileyi "haqq yoluna” döndərməyə göndərilmiş din xadimi kilsə dekretlərində mərhəmət tapdığını deyəndə Qaliley: "Niyə bizim ölkəmizdə qaydalar ancaq anbarı boş olanlar üçündür, niyə kəndlilər mərhəmətli Məsihin İspaniyadakı canişininin Almaniyada apardığı müharibənin xərcini ödəməlidirlər” suallarını verir. 

Kilsə elmin çox suallarına hələ də cavab axtarır. Məscidlər isə daha çox susmağa və ya itaətə çağırırlar.

Əzilənlərin ilahi səbrindən danışan din xadiminə Qalileyin cavabı: bəs onların ilahi qəzəbi hardadır?

Kilsə tərəddüd edir. Yeni Papa – keçmiş kardinal və riyaziyyat alimi Qalileyin cəzalandırılmasını tələb edən kardinal-inkvizitora gerçəyi bir daha etiraf edir: "Amma nəhayətdə bu insan yolunu azmış birisi yox, bizim zamanların ən böyük fiziki, İtaliya elminin dühasıdır”.

Küfr dinin qənimidir. Kilsə bunu hamıdan yaxşı anlayır. Ən böyük küfrçünün cəzalandırılması küfrün yayılmasının qarşısını almaq üçün ən effektiv vasitədir. Amma küfrçü də adi dönük deyil, onun Versal, Vyana saraylarında, elm aləmində böyük nüfuzu var. 

Problem mümkün qədər ağrısız həll edilməlidir. İşgəncə alətlərini göstərib onu qorxudurlar.

Qaliley ideyalarından imtina edir: "Mən tonqalda qızardılmış donuz budu olmaq istəmirəm”.

Brextin Qalileyi Rasselin Qalileyindən daha konstruktivdir. Rasselin Qalileyi daha üsyançıdır, kilsəyə daha uzun müddət müqavimət göstərir.

Ev dustaqlığında, sərt nəzarət altında olsa da, elmi axtarışları davam etdirmək tonqalda yanıb qəhrəman olmaqdan daha ağıllı seçimdir. 

Qaliley "Mükalimələr”i – həyatının kitabını yazaraq gizlincə Hollandiyaya ötürür.

Ömürlük həbsi ev dustaqlığı ilə əvəz edilmiş dahi elə evində də vəfat edir. 

Teleskopu ilə kainatda dolaşan insan dörd divar arasına sığa bilməzdi...