Bertran Rassel nədən xristian deyil?

Bertran Rassel nədən xristian deyil?

17-11-2021 14:31 / Bu xəbər 1024 dəfə oxundu

Ənnağı Hacıbəyli

Böyük ingilis filosofu Bertran Rassel (1872-1970) neorealizmin və analitik fəlsəfənin banisi sayılır. Uşaq yaşlarında validyinlərini itirib. Atası öləndən sonra 6 yaşlı Bertran babasının və nənəsinin himayəsinə verilib. Babası 8 ilə yaxın İngiltərənin baş naziri olub. Valideyinləri nominal xristian olublar və onun dini tərbiyəsində nənəsi daha çox rol oynayıb. 

Kembricdə oxuyarkən və daha sonralar fəlsəfəyə meyli onu aqnostikliyə gətirib çıxarıb. 1950-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb. 98 yaşında qrip xəstəliyindən vəfat edib.
 
Şovinizmə və militarizmə nifrət Birinci cahan savaşı vaxtı onu pasifistlərə yaxınlaşdırsa da, o, tezliklə pasifist hərəkatdan uzaqlaşdı. Buna baxmayaraq, ingilis polisi onu həbsxanaya ataraq mətbuatda alman agenti təbliğatı aparılmasına nail oldu. Sonralar - 1940-cı ildə kilsə rəsmiləri Rasselin Nyu-York şəhər kollecində mühazirələr oxumasını məhkəmə yolu ilə qadağan etdirdilər. 

"Gənclərin tərbiyəsini pozan” filosof barədə məhkəmə qərarı haqqında Con Düi belə demişdi: "Bir amerikalı kimi biz ancaq xəcalətdən qızara bilərik”.   

Yaradıcılığının ilkin dövrlərində dində pozitiv məqamlar axtaran filosof sonralar dini insan tərəqqisi yolunda başlıca maneə saymağa başladı. Onun fəlsəfəsi ümumbəşəri ideallara, humanizm ideyasına söykənir. Xristianlıqda üç şeyin saxlanmasını mümkün sayırdı: Tanrıya itaət, mütilik (tale və Tanrının əmri ilə barışmaq) və yaxınlara, düşmənə, bütün insanlara sevgi...

Gəlişməmiş dinlərdə Tanrıya itaət qorxuya və gücə hörmətə söykənir. Sonradan bu qorxu sevgiyə çevrilir. Tale və olacaqlarla barışmaq o halda qəbul ediləndir ki, o, doqmalarsız itaət olsun. 

Ehkamlara söykənməyən itaət mümkündürmü?

Sevgi dünyəvi və ya ilahidir. Dünyəvi sevginin əksi nifrətdir: dostlar-düşmənlər, müqəddəslər-günahkarlar, Tanrı-şeytan. Ona görə də dünyəvi sevgi dünyaya düşmənçilik gətirir. İlahi sevgi isə hamıya və hər şeyə sevgidir. 

İnsanın heyvani və ilahi tərəfləri var. Birinci tərəf ölümdən qorxur və başqa həyata can atır. İkinci tərəf ölüm barədə az düşünür, onun ümidləri şəxsi ölümsüzlüklə bağlı deyil, o, dünyanı necə varsa, elə də qəbul edir. 

İdeallarımızın gücü yox, gücsüzlüyü bizi etiraf etməkdən qorxmağa məcbur edir ki, bu, dünyanın deyil, məhz bizim idealımızdır. Hər bir tələb həbsxanadır və müdriklik yalnız nəsə tələb etməyəndə azaddır.  

"Din və elm” məqaləsində Rassel tarix boyu dinin çeşidli elm sahələrində elmin nailiyyətləri ilə mübarizəsindən danışır.

Dinin tənqidində Feyerbax ideyalarına yaxınlaşan Rassel əxlaqın dini doqmalardan azad olmasını istəyirdi. Əxlaq və dini qarşılaşdıran filosof yazırdı ki, ən vacib iş intellektual səmimiyyətin yol vermədiyi doqmalardan asılı olmayan dini qoruyub saxlamaqdır.

Din əqidəyə deyil, hisslərə söykənir. Deyə bilərlər ki, dinin mahiyyəti qısıtmalardan azad olmaqdadır, insanları fani istəklər və xırda hisslər zindanından azad edən bütöv həyata can atmaqdadır. Yalnız ehkam buxovlarından yararlanmayan din azadlıq gətirə bilər. Çünki insan təbiətinə zidd ehkamlar (doqmalar) insan üçün buxova çevrilir. 

Şübhə təfəkkürün lokomotividir. O, həm də doqmaların qənimidir. Şübhə itaətə hesablanmış doqmalar üçün təhlükəlidir. Din məhz buna görə şübhəni günah sayır və qadağan edir. 

Liberal teologiya dini doqmaları nə qədər islah etməyə çalışsa da, qazandığı uğurlarla öyünməkdə o qədər də haqlı deyil. Çağdaş din inkvizisiya kimi rəzalətlərdən xilas olsa da, buxovlardan hələ də xilas ola bilmir. 

Papa deyəndə ki "Fransisk xaçı dalğalara toxundurmaqla qasırğanı yatırdığına görə müqəddəsdir, lakin Qalileyin ideyaları həqiqətəuyğun deyil və küfrdür”, o zaman Rasselin xristian olmamaqdan başqa çarəsi qalmır.   

Qaliley kilsəni də astronomiya ilə məşğul olmağa məcbur eləmişdi. Birincinin elmi tədqiqatları Günəşin hərəkətsiz olmadığını sübut etməklə, ikincinin "elmi nəticələri” inkvizisiyanı hərəkətə gətirməklə sonuclandı. 

Müqəddəs kitab Günəşi səmaya elə bərkitmişdi ki, onu yüz Qaliley də yerindən tərpədə bilməzdi. İnkvizisiya Qalileyə qalib gəldi, amma o öldüyü il Nyutonun doğulmasının qarşısını ala bilmədi... 

Elm əbədiyyət yolçusudur və onun da öz Tanrısı var...

"Gözü çıxarılmış qardaş"ından nəticə çıxaran Nyuton daha ağıllı və az təhlükəli eimi təlim elan etdi: planetlər Tanrının əmri ilə hərəkətə gətirilib, sonra baş verənlər isə cazibə qanunu ilə izah olunur.

Nyuton ümumdünya cazibə qanununu kəşf edərək bildirdi ki, planetlər Günəş ətrafında bu qanuna əsasən fırlanır. Din isə min illərdir deyirdi ki, planetlər Tanrının əmri ilə bu qaydada hərəkət edirlər. Bu sadə və işə yarayan izah insanları cazibə qanununu izah etməyədək dərinə getmək qayğısından azad edirdi.
 
Gözəllik və rahatlıq hansısa o dünyada deyil, onlar gerçək, gündəlik aləmdədir - əməl və hadisələrin mərkəzindədir. Ölümdən sonrakı həyata inam rasional arqumentlərdən deyil, emosiyalardan doğur. Biz o dünyaya ürəkdən inansaydıq, ölümdən qorxmazdıq. 

Xristian olmaq üçün üç şey tələb olunur: Tanrının varlığına, ölümsüzlüyə və İsanın ilahi şəxsiyyət olduğuna inanmalısan. Rassel deyirdi: "Məndə bu inam yoxdur, çünki C.S.Mill kimi, məncə də, "kainatı Tanrı yaradıb” cavabı yeni sual doğurur: bəs Tanrını kim yaradıb?".

Əksər insanlar Tanrıya ona görə inanır ki, uşaqlıqdan bunu onların beyninə yeridirlər.

Xristianların müdriklik mücəssəməsi saydıqları Xristos müdriklikdə və xeyirxahlıqda Budda və Sokratdan geri qalır.

Dindən azad olmaq filosofa haqqı demək lüksü verir. 

Deyirlər ki, din də elmdir. Amma nəyəsə inanmağı insanın vəzifəsi sayan elm səmimi deyil.

Buna baxmayaraq, Rasseli aşırı şübhəçi saymaq da olmaz. O, bəzən dinin elmi nəticələri ilə mübahisə eləmir. Məsələn, din dəqiq müəyyən edib ki, Tanrı dünyanı 6 günə 4004-cü ildə, oktyabrın 23-də səhər saat 9-da yaradıb. Bu, həftənin 5-ci günü ola bilərdi, çünki şənbə günü Tanrı istirahət edir...

Elmlə dinin, ilahi yaradılışla təkamülün çarpışmasında kimin haqlı və qalib olmasından da önəmli bir məsələ var. Təkamül nəzəriyyəsindən sonra din bir çox doqmalarından imtina etdi. Conucda elm dini bir çox absurdlardan xilas elədi. Amma təəssüf ki, din buna görə elmə üzrxahlıq etmək əvəzinə hələ də dirəniş göstərməkdədir. 

Uca Tanrı, özün hidayət ver.

Rasselə görə din təbiət qarşısında qorxudan yaranıb. Dinin mənbəyində qorxu dayanır.  Ümumiyyətlə, din – qorxudan yaranmış xəstəlikdir. Eşafotda ləyaqətlə dayanan çoxlu sayda insanlar görmüşük. 

Onlar Tanrıya qorxu ucbatından itaət edən milyonlardan daha çox ehtirama layiqdirlər. Əqidəsi, elmi, ideyasına görə hətta real ölüm qarşısında da yolundan dönməyənlər gerçək qutsallıqları ilə möhtəşəmdirlər. 

Din tarixən güclüyə xidmət edib, xalqı itaətdə saxlamaq üçün hakimiyyətlərin əlində silah olub. Almaniyada devrilmiş monarxiya sülalələrinin xüsusi mülkiyyət hüququnun saxlanması məsələsi barədə ümumxalq rəy sorğusu keçirilərkən alman kilsəsi bəyan etdi ki, onların bu hüquqdan məhrum edilməsi xristianlığa ziddir. Din tarixi belə konyuktur bəyanatlarla doludur.

Rassel ilə yezuit alimi Koplston arasında 1948-ci ildə radio ilə yayımlanan "Tanrının mövcudluğu” adlı disputda çoxları Rasseli qalib elan edirlər. Əslində bu qarşılaşmada qalib elmdir: fəlsəfə və teologiya. Tərəflərin intellektual səviyyəsi gerçəkdən heyrət doğurur. Bir-birinə zidd düşüncə sahibləri bəzən qarşı tərəfin arqumentini qəbul etdiyini, onunla razılaşdığını bildirir. Polemikanın səviyyəsinə valeh olmamaq mümkün deyil. 

Adi bir misal. Zəruri və asılı varlıq məsələsini dartışan opponentlərin dialoqu:

Koplston: Yalnız asılı varlıqlar səbəbli ola bilər. Tanrı onun yetərli səbəbidir, o, özü-özünün səbəbi deyil. Sözün tam mənasında yetərli səbəb dedikdə, mən ayrı-ayrı şeylərin mövcudluğunun adekvat izahını nəzərdə tuturam.

Rassel: Onda mən ancaq bunu qeyd edə bilərəm ki, siz tapılması mümkün olmayan şeyi axtarırsınız. Gözləməyin ki, o tapılacaq.

Koplston: Nəsə hələ tapılmayıb demək bir şeydir, biz axtarmalı deyilik demək isə məncə müəyyən qədər doqmatikdir...

Doqmatikanın belə bumeranq effekti də var. Müqəddəs ata böyük filosofu öz silahı ilə vurmağa çalışır. Din elmlə bu səviyyədə və müstəvidə mübarizə aparsaydı, yəqin ki, daha çox şeyə nail ola bilərdi.

Filosoflar adətən din xadimlərindən daha səmimi olublar. 

Napoleon deyəndə ki "ilahi monarxa inam yerdəki monarxa hörmətə səbəb olmalıdır”, onda böyük alim Laplas belə cavab vermişdi: "Sir, mənim bu hipotezə ehtiyacım yoxdur”. 

Böyük Fransa inqilabı daha qutsal ideyalar və şəxsiyyətlər yetişdirirdi...

Yazı eksklüziv olaraq "Arqument.az" üçün nəzərdə tutulub. İstinad etmək vacibdir.