Bərxudarovla Münasib Babayevin adı 143 milyonluq yeyintidə: “Evlərinin bazarlığına qədər…”
16-10-2024 17:50 / Bu xəbər 824 dəfə oxundu
"Münasib Babayevin Hadrutdakı evinin bazarlığına görə də ayrıca pul xərclənirdi”
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti ilə bağlı həbs olunanların məhkəməsində general-mayor Mais Bərxudarov və Münasib Babayevin ünvanına ciddi korrupsiya ittihamları səsləndirilib.
İddia olunur ki, sabiq korpus komandirləri evlərinin bazarlığından tutmuş, təmiri, başqa ehtiyaclarına qədər, əksər xərclərini korrupsiya hesabına qarşılayıblar.
Bu iddiaların araşdırılması məqsədilə də onların məhkəməyə çağırılaraq dindirilməsi tələb olunub.
Söhbət Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadənin məhkəməsindən gedir.
Generallarla bağlı korrupsiya ittihamları, onların dindirilməsi tələbi da bu məhkəmədə səsləndirilib.
Hakim Fikrət Əliyevin sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində təqsirləndirilən Vüsal Əlizadənin mənzilinin üzərindən həbsin götürülməsi, həmin evin 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işinin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iştirakı ilə satılması və əldə olunan vəsaitin dəymiş ziyanın ödənilməsinə yönəldilməsinə qərar verilib.
Cəlal Kazımovun vəkili Əli Adıgözəlov müvəkkilinin Hövsanda olan evinin üzərindən həbsin götürülməsini istəyib.
Vəkil bildirib ki, həmin ev Cəlal Kazımovun həyat yoldaşı Nüşabə Kazımovanın adınadır.
Onun sözlərinə görə, həbs götürülsə, ev satılar və dəymiş ziyanın ödənilməsinə yönəldilər.
Daha sonra təqsirləndirilən polkovnik Bayram Bayramov ifadəsinə əlavələr olduğunu bildirib, ona əlavə ifadə vermək üçün şərait yaradılıb.
2018-ci ilin fevralından 2019-cu ilin noyabr ayına qədər "N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işlədiyini deyən Bayram Bayramovun sözlərinə görə, 2018-ci ildə 270 min 482 manat, 2019-cu ildə isə 253 min 702 manat vəsait kənarlaşdırılıb: "Maliyyə Nazirliyinin yoxlama aktında bundan əlavə, 24 min manat qanuni ödənilən məbləğ də kənarlaşdırılan məbləğ kimi göstərilib. Bu da mümkün deyil. Bu məbləğin mənimsənilmədiyini 2019-cu ildə maliyyə fəaliyyətimizi yoxlamış Süleyman Abbasov da öz ifadələrində təsdiq edib”.
Bayram Bayramov bildirib ki, 2019-cu ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək digər hərbi hissədə maliyyə xidmətinin rəisi işləyib və həmin dövrdə 3 milyon 787 min 341 manat vəsait kənarlaşdırılıb.
Təqsirləndirilən polkovnik əlavə edib ki, hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və hərbi hissənin digər xərclərinin ödənilməsi üçün hər ay Beyləqan rayonunda yerləşən "Real market”ə və "Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 2 min manat pul ödənilib. Bu isə 24 ay ərzində 48 min manat edib.
Bayram Bayramovun sözlərinə görə, "Real market” və "Zirvə”yə pulu onlar ödəsə də, mağazalardan malları general Mais Bərxudarovun yavəri Ülfət Abbasquliyev, mühasibi Rüfət Quliyev və ya sürücü ilə aşpazından biri gəlib aparırmış.
Bundan başqa, hərbi hissə komandiri Xalid Məmmədovun şəxsi ehtiyaclarına da 2018-ci ilin fevral-aprelində aylıq 6 min manatdan olmaqla, 18 min pul verilib.
Bayram Bayramov deyir ki, Xalid Məmmədovdan sonra onun vəzifəsini tutan Rəşad Salmanova da aylıq 6 min manat verilməsi ənənəsi davam edib və 18 ay ərzində 108 min manat ona pul çatdırılıb.
Təqsirləndirilən polkovnik Bayram Bayramov həmin dövrdə Beyləqan korpusunun qərargah rəisi olmuş, sonradan isə özü ayrıca korpus komandiri olan general-mayor Münasib Babayev haqqında da danışıb.
Onun sözlərinə görə, Münasib Babayevə 26 ay ərzində aylıq 3000 manat pul verirdi. Bu da ümumilikdə 78 min manat edib: "Bundan əlavə, Hadrut qəsəbəsində yaşadığı evə alınan elektrikli kombi və kabel üçün 8000 manat ödəmişəm. Füzuli rayonu işğaldan azad ediləndə 10 qoyun qurban kəsdirdi ki, bu da 2000 manat elədi. O pulu mən verdim. Söz vermişdi ki, qaytaracaq. Amma qaytarmadı. 2021-ci ilin aprel ayında 10000 manat kömək istədi, mən də verdim”.
Bayram Bayramov əlavə edib ki, Münasib Babayevin Hadrutdakı evinin bazarlığına görə də ayrıca pul xərclənirdi.
Onun sözlərinə görə, 2020-ci ilin dekabrından 2021-ci ilin avqustuna qədər aylıq bu istiqamətdə 6000 manat pul gedirdi. Bu məqsədlə pul mühasib Rüfət Quliyevə verilsə də, alış-verişi ya sürücüsü Xəyal, ya da evin aşpazı edirdi.
O, ifadəsinin sonunda Mais Bərxudarov, Münasib Babayev, Ülfət Abbasquliyev, Xalid Məmmədov və digər adlarını çəkdiyi şəxslərin məhkəmədə şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb. Digər təqsirləndirilən şəxslər də onun vəsatətini müdafiə ediblər.
Prokuror Fuad Musayev generallar və digər şəxslərin dindirilməsilə bağlı vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Lakin bundan əvvəl maraqlanıb ki, niyə Mais Bərxudarova, Münasib Babayevə pul verirdi?
Bayram Bayramov cavabında bildirib ki, ondan əvvəl artıq belə ənənə formalaşdırılmışdı: "Məndən əvvəl də belə edirdilər”.
Təqsirləndirilən polkovniklər həm də şikayətləniblər ki, 33 aydır ki, həbsdədilər.
Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi 2022-ci ilin əvvəlində başlayıb.
Bu cinayət işi üzrə həbs olunanların istintaqı birlikdə aparılsa da, məhkəməyə göndəriləndə bir neçə yerə ayrılıb.
Bu səbəbdən də Bakı Hərbi Məhkəməsində bir neçə qrupda təqsirləndirilən şəxslərin məhkəmələri gedir.
Korpus komandirləri Mais Bərxudarov və Münasib Babayev təxminən 10 gün əvvəl vəzifədən azad edilib(Meydan TV).