"Bəs Gömrük Komitəsində neçə milyard manat oğurlanıb?"

27-11-2022 13:39 / Bu xəbər 686 dəfə oxundu

"Azərbaycanın yox ha, Naxçıvanın Gömrük Komitəsinin təkcə bir şöbə rəisi 132 milyon manat oğurlamaqda ittiham olunur. Bu məlumatı eşidən zaman sual verirsinizmi ki, hələ Naxçıvandakı gömrük komitəsinin bircə şöbə rəisi bu qədər xalq malı oğurlaya bilibsə, bəs bütövlükdə Azərbaycan Gömrük Komitəsində neçə milyard manat oğurlanmış olar?"

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli yazıb.

"Yalnız bir komitədə oğurlanan xalq pulları milyardlarla manatla hesablanırsa, N qədər nazirlik və komitədə, bütövlükdə hökumətdə nə qədər xalq pulu  oğurlanmış olar? Bəs xalqın bu qədər pulu oğurlanmasaydı, həmin milyardların hesabına ölkədə nə qədər iş yeri açıla bilərdi, maaşlar, pensiya və müavinətlər nə qədər artardı deyə fikirləşirsizmi? Yoxsa hələ də vaxtilə MTN-nin dövriyyəyə buraxdığı "Oğurlanan xalq malından bizə nə? Onsuz da kim gəlsə hakimiyyətə oğurlayacaq" yalanı ilə özünüzü aldatmaqda davam edirsiz? Kaş ki korrupsiya piramidasının sökülməsi ilə hər birinizin şəxsən nələr qazanacağınızı, həyatınızın necə dəyişəcəyini təsəvvür edəydiniz", - deyə Əli Kərimli qeyd edib. 

Noyabrın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ilə bağlı əməliyyatlarının detalları açıqlanıb.

Bildirilir ki, saxlanılanlar barədə məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbirləri seçilir.

Bakı şəhəri, Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb.

Məhkəmə 24.11.2022-ci il tarixli qərarı ilə prosesdə vəkili ilə iştirak edən Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini elan edib. 

Cinayət işi üzrə araşdırmalar Komitədə "xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.