"Bəs, görəsən, onun yanağındakı, yağış damlasıdır, yoxsa..." - Elnur Astanbəyli
26-11-2017 21:59 / Bu xəbər 2892 dəfə oxundu
Arqument.Az Elnur Astanbəylinin şeirini təqdim edir:
bu nə zəhlətökən havadı belə! –
yer süpürür göyün qaşı-qabağı;
gözü açılmamış hələ səhərin
külək bir tərəfdən, yağış bir yandan
canını boğaza yığıb şəhərin.
bilirəm hardasa bu saat, bu an
alaqaranlıqdan küçəbəküçə
dolaşıb iş gəzən çəlimsiz biri
güc-bəla yeriyir küləyə qarşı
bəs, görəsən, onun yanağındakı
yağış damlasıdı, yoxsa göz yaşı?..
və hardasa limon satan bir qoca
adım tək əminəm bu saat, bu an
kəmtər taleyinə ağzını büzür –
külək vedrəsini aşırıb onun
yağış sularında limonlar üzür...
adım tək əminəm bu saat, bu an
güllü çətirini evdə unudan
gözəl bir qızın da yaman çağıdır -
yuyur boyasını yağış bir yandan
bir yandan saçını külək dağıdır...
bu havada evdən çıxa bilmərəm,
lap axıtsalar da qızıl qanımı
ya yağış dolacaq ayaqqabıma
ya da ki... ya da ki... ya da ki, gülüm,
külək söndürəcək alışqanımı...
noyabr, 2015