Bəşir Süleymanlı: Namizədlərin əksəriyyəti seçkiyə formal baxımdan qatılıb

Bəşir Süleymanlı: Namizədlərin əksəriyyəti seçkiyə formal baxımdan qatılıb

24-01-2020 20:03 / Bu xəbər 864 dəfə oxundu

Akif Qurbanov: "Bir sıra namizədlər islahatlar təbliğatına inanıblar”

Azərbaycanda, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştriak etmək üçün namizədliklərini irəli sürmüş bir sıra şəxslər seçkidən geri çəkiliblər.

Yanvarın 16-da mətbuat konfransında Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov bu seçkilərdə rekord sayda namizədin – 1534 nəfərin – qeydə alındığını bildirmişdi.

Sonradan digər qeydə alınan namizədlərlə birlikdə onların sayı 1560-a çatdı. Yanvarın 17-dən, namizədlərin təbliğat-təşviqat kampaniyasının başladığı gündən onların sayı azalmağa başlayıb.

Meydan TV-nin hesablamasına görə, yanvarın 24-nə olan vəziyyətə görə 125 deputat yerinə 1409 nəfər namizəd var. Bu da o deməkdir ki, 151 nəfər namizədliyini geri götürüb. Onların içində son çağırış Milli Məclisin deputatları da var. Hacı Salayev namizədliyini geri götürməklə Milli Məclisin seçkidə iştirak etməyəcəyi 31-ci deputatı oldu.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı namizədlərin müxtəlif səbəblərdən geri seçki prosesindən çəkilmələrinin əvvəlki seçkilərdə də yaşandığını xatırladaraq güman edir ki, bu qərarı qəbul edənlər özləri üçün perspektiv görmürlər:

"Əvvəlki seçkilərin təcrübəsinə istinad etsək, ya namizədlərə təzyiq vasitəsilə onlara bu qərarı qəbul etdirirdilər, ya da şirnikləndirici vasitələrdən istifadə edirdilər”.

Deputatlardan 31 nəfərin namizədliyini geri götürməsi və yaxud qatılmamasına toxunan Bəşir Süleymanlının fikrincə, yəqin bu şəxslər hakimiyyətin onları deputat görmək istəmədiyini bilirlər.

"Bu mənada həmin deputatlar ya seçkiyə ümumiyyətlə qoşulmayıblar, ya da Hacı Salayev kimi şansı olmadığını görüb geri çəkilirlər. Bəlkə bəzilərinə gələcəkdə vəzifə vəd veriblər. Bu ehtimal da rol oynaya bilər”.

Bəşir Süleymanlı
Mənbə: Foto: Meydan tv

B.Süleymanlı MSK sədri M.Pənahovun rekord sayda namizədin olması barədə açıqlamasının qüvvədən düşdüyünü hesab edir. 

Onun fikrincə, namizədlərin əksəriyyəti formal baxımdan seçkiyə qatılıb: "Sadəcə, namizədlərin çoxu statistikanı artırmaq üçün yerli icra orqanları tərəfindən irəli sürülən adamlardır. Bəlkə bu adamların özləri də perspektiv olmadığını bilib namizəd olmaq istəmirlər. Onlar süni şəkildə seçkiyə qatılıblar. Baxın MSK-nin saytına, namizədlərin əksəriyyəti işsizdir. Onların 450 imza toplaması belə real görünmür, nəinki seçkilərdə uğur qazanması. Ona görə sayın çox olması gerçək rəqəmləri ifadə etmir. Amma namizədliyini geri götürmə seçkiyə 10 günə qalana qədər olar. Sonra adları bülletendə qalacaq”.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov namizədlərin seçki yarışından geri çəkilməsinin bir neçə səbəbi olduğu qənaətindədir.

Onun fikrincə, namizədlərin əksəriyyəti islahatlar təbliğatına inanıb seçki prosesinə qatılanlardır.

Akif Qurbanlı
Mənbə: Foto: arxiv

"Ancaq reallığı fərqli gördükdən sonra nəticə çıxardırlar. Ayrı-ayrı dairələrdə namizədlərin sayı süni şəkildə artırılıb və bəzi qurumlar bu seçkidə fəallıq göstəriblər. Məsələn, "Paşa-Holdinq” Açıq Səhmdar Cəmiyyətinin bir neçə dairədə namizədi var, yaxud SOCAR-ın idarələrində çalışanlar da namizədliklərini irəli sürüblər. Bunlar təsadüfü deyil və mərkəzləşmiş qaydada dairələrə yönlədiriliblər. İndi zamanı çatdığından onlara geri çəkilmək göstərişi verilib. Başqa bir məqam da var. Müstəqil şəkildə seçkiyə qatılıb, fəallıq göstərib, səs toplaya biləcəklərini düşünənlər də var. Amma bu yanaşma hakimiyyətin strategiyasına uyğun gəlmir. Nəticədə onlara geri çəkilmək göstərişi verilir. Azərbaycanda da durum elədir ki, iş adamlarına rahat təsir etmək imkanları var. Nəticədə indiki mənzərə yaranır”.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə keçirilir. 125 seçki dairəsinin hər birindən namizədlər arasında ən çox səs toplayan şəxs qalib elan edilir.