Bəstəkar Nailə Mirməmmədli vəfat etdi

Bəstəkar Nailə Mirməmmədli vəfat etdi

04-01-2021 14:19 / Bu xəbər 684 dəfə oxundu

Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli vəfat edib.

Bu barədə yanvarın 4-də Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən məlumat verilib. 

BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib ki, 59 yaşlı Nailə Mirməmmədli bu gün vəfat edib. 

Bəstəkarın ölüm səbəbi barədə hələlik məlumat verilməyib. 

Nailə Mirməmmədli 1961-ci ildə Bakıda anadan olub. 

1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. 

O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. 

Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 

1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə” xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.

2020-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.

Nailə Mirməmmədli "Ayrılma məndən", "Səninləyəm", "Kimdir günahkar" kimi Azərbaycan estradasının populyar mahnılarının bəstəkarıdır. 

O, mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi. İki oğlu, bir qızı var.