Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edildi
13-01-2025 15:41 / Bu xəbər 83 dəfə oxundu
İctimai fəalın evi müsadirə olunub
İki ildən çoxdur ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib.
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası onun haqqında hökm çıxarıb.
Bəxtiyar Hacıyev xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirləndirilib.
Onun Zərdabi küçəsindəki evi və bank hesabında olan pulu müsadirə edilib.
Hacıyev hökmdən əvvəl son sözündə bu ittihamların hamısının saxta, məhkəmənin qərarının siyasi sifariş olduğunu bildirib.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.
Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.
Onunla bloger Ülviyyə Muradova (Alovlu) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur.
İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb.
Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.
Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.