Bəxtiyar Hacıyev ərizə ilə Prezident Adminstrasiyasına müraciət etdi

Bəxtiyar Hacıyev ərizə ilə Prezident Adminstrasiyasına müraciət etdi

23-08-2022 15:44 / Bu xəbər 953 dəfə oxundu

Bu gün, avqustun 23-də ictimai fəal Bəxtiyar Hacıyev ölkə vətəndaşlığından imtina etmək üçün Prezident Administrasiyasına ərizə ilə müraciət edib. 

O bildirib ki, Azərbaycanda həyatına təhlükə olduğuna görə bu addımı atmaq məcburiyyətində qalıb: "Polis cinayətkarı himayə edir. Məni təhdid edir, güc strukturunun rəhbəri deyir ki, güc məndədir, nə istəsəm, edirəm. Jurnalistlər təqib olunur, ictimai fəallar oğurlanır. Mən həyatımdan narahatam və belə ölkənin vətəndaşı olmaq istəmirəm. Ölkə rəhbəri özü qərar versin ki, bu şəkildə davam edəcək, yoxsa güc strukturlarına vətəndaşla belə davam etməməyi başa salmaq istəyir... Azərbaycan Avropa Şurasının üzvüdür. Amma bu gün Azərbaycan özünü Şimali Koreya kimi aparır”.

Avqustun 22-də Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oğurlandığını deyir. 

Bu barədə Bəxtiyar Hacıyev "Facebook" hesabında yazıb.

O bildirib ki, onu Dövlət Statistika Komitəsinin qarşısında canlı yayım etmək istərkən zorla Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar: "Məni maşından düşürəndə başımdan və qollarımdan vurdular, başqa heç nə olmadı. İdarənin rəisi Əbülfət Rzayev məni qəbul etdi. Dedi ki, bir də Vilayət Eyvazovdan yazsan, səni peşman edəcəyəm, güc bizdədir, bizə güc göstərmə".

Bəxtiyar Hacıyev deyib ki, onu Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsində Fuad Muradovla da görüşdürüblər: "İdarədə Vilayət Eyvazov və Fuad Muradov haqda sosial şəbəkədə yazdığım statuslarımı sildirdilər. Ardınca Fuad Muradovla üz-üzə otuzdurdular, o da mənimlə profilaktik söhbət edib dövlətçilikdən dərs keçdi".

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Toplum TV-nin Bəxtiyar Hacıyevin Baş Müştəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılması barədə suallarını cavablandırmayıb.