Bəxtiyar Hacıyev: “İlham Əliyevin Zəngəzura qayıdacağıq deməsi manipulyasiyadır”

Bəxtiyar Hacıyev: “İlham Əliyevin Zəngəzura qayıdacağıq deməsi manipulyasiyadır”

18-07-2021 01:18 / Bu xəbər 5353 dəfə oxundu

"Əliyev çox yaxşı başa düşür ki, "Əziz Şuşa, biz qayıtmışıq!" dedikdən sonra "Zəngəzura qayıdacağıq" ifadəsi oranın Azərbaycan ordusu tərəfindən döyüşlərlə geri alınması kimi başa düşüləcək”.  

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev İlham Əliyevin Zəngəzur, Göyçə və Yerevanla bağlı son çıxışını şərh edərkən "Toplum TV”-yə belə deyir. 

Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasından, bütövlükdə Zəngəzurun, Yerevanın Azərbaycanın tarixi torpaqları olmasından, azərbaycanlıların ora qayıtmasından danışıb, ötən il imzalanmış üçtərəfli Bəyannamədə bununla bağlı qeyd olduğunu vurğulayıb.

Dövlət başçısı deyib ki, onun 7 iyul tarixli fərmanına görə Ermənistanda isterikaya qapılırlar: "Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”. 

Bəxtiyar Hacıyev isə prezidentin bu ilin aprelindəki çıxışını yada salır, həmin çıxışda İlham Əliyev Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığını vurğulamışdı: "Əliyev daxili auditoriya üçün tez-tez "Zəngəzura, Göyçəyə qayıdacağıq" deyir, bunun sıravi vətəndaşlar tərəfindən Zəngəzur və Göyçənin geri alınması kimi başa düşüldüyünü də çox yaxşı bilir. Ancaq beynəlxalq görüşlərdə, konfranslarda, məsələn, bu ilin aprel ayında ADA Universitetində keçirilən beynəlxalq konfransda açıq şəkildə bildirib ki, qayıtmaq deyəndə tank üzərində qayıtmağı nəzərdə tutmur və Ermənistana qarşı ərazi iddialarımız yoxdur”.  

B.Hacıyev İlham Əliyev bunu məqsədli şəkidə etdiyini, məqsədin xalqı manipulyasiya etmək olduğunu düşünür: "O, çox rahatlıqla daxili auditoriyaya da "tank üzərində qayıtmayacağıq, sərmayə qoyaraq, orada mülklər alaraq, yaşayaraq, turist kimi qayıdacağıq" deyə bilər, amma həm də "qaytaracağıq" kimi başa düşülən "qayıdacağıq" ifadəsindən istifadə edir. Əliyev çox yaxşı başa düşür ki, "Əziz Şuşa, biz qayıtmışıq!" dedikdən sonra "Zəngəzura qayıdacağıq" ifadəsi oranın Azərbaycan ordusu tərəfindən döyüşlərlə geri alınması kimi başa düşüləcək”.  

İctimai-siyasi fəalın fikrincə, müharibə ritorikası avtoritar liderlərin son sığınacaqlarından biridir: "Xankəndində qondarma rejimin, Ermənistanın və Rusiyanın bayraqları dalğalandığı, erməni və rus ordusunun Azərbaycan ərazisində olduğu bir vaxtda Əliyevin tez-tez "Zəngəzura, Göyçəyə qayıdacağıq" deməsi yalnız və yalnız insanları manipulyasiya edib, hakimiyyətini uzatmaq məqsədi daşıyır”.

Başqa bir ictimai fəal İlkin Rüstəmzadənin də fikrincə, İlham Əliyevin çıxışı daxili publikaya hesablanıb: "Bu məsələdə xüsusilə prezidentin ADA Universitetindəki konfransda etdiyi açıqlamaya diqqət etmək lazımdır. Orada deyir ki,  Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur. Normal vaxtlarda populizmin təbliğatçısına çevrilib Zəngəzur qışqıran dırnaqarası müxalifətçilərin bu çıxışın üstündən səssizcə keçməsi də buna açıq işarədir. İlham Əliyev də, populistlər də nəyin nə olduğunu gözəl bilirlər, sadəcə bu gün, xüsusilə müharibədən sonra Zəngəzur məsələsindəki populist çıxışlar yaxşı siyasi xal qazandırdığı üçün bu ritorikadan istifadə olunur”.  

İ.Rüstəmzadə deyir ki, İlham Əliyev heç vaxt Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməz: "Azərbaycanın Zəngəzura ərazi iddiası və bu iddianı həyata keçirmək uğrunda atacağı istənilən cüzi addım bizə qarşı gücümüzün çatmayacağı qədər ağır sanksiyalar deməkdir. Bunu şübhəsiz Əliyev də bildiyi üçün o heç vaxt belə bir addım atmaz. Daxildəki beyni yuyulmuş kütlə üçün isə bu məsələdən danışmaq zərərsizdir”.

İlham Əliyevin aprelin 14-də  ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransında etdiyi çıxışdan həmin hissəni təqdim edirik: "Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik. Bir daha bu suala görə təşəkkür edirəm. Bu sual məsələyə aydınlıq gətirməyə və öz mövqeyimi ortaya qoymağa imkan yaratdı. Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur”.