Bəxtiyar Hacıyev: “Mənə verilən ittihamların mahiyyəti aydın deyil”

Bəxtiyar Hacıyev: “Mənə verilən ittihamların mahiyyəti aydın deyil”

03-02-2024 00:48 / Bu xəbər 729 dəfə oxundu

Hakim Əli Məmmədovla Bəxtiyar Hacıyev arasında dialoqdan sonra hakim ona rəsmi qaydada xəbərdarlıq edib

2022-ci ilin dekabrından həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə istintaqı başlayıb. 

Fevralın 2-də məhkəmədə prokuror Eldar Həmzəyev onun haqqındakı ittiham aktını elan edib.

Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. 

Onun işi Əli Məmmədovun sədrliyilə, Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.

İttihama əsasən, Bəxtiyar Hacıyev 2013-cü il yanvarın 23-də "Human Capital Consulting” MMC-ni qeydiyyatdan keçirib. 

Fəaliyyət növü kimi” "Təhsil sahəsində yardım” göstərib. Bu qurum "Caspian Plaza” biznes mərkəzində icarəyə götürülmüş ofisdə fəaliyyət göstərib.

Şirkətin nəzdində  "Premium Class Azerbaijan” dil mərkəzi də fəaliyyət göstərib. İttihama görə, Bəxtiyar Hacıyev viza almaq istəyənlərə dəstək, xaricdə təhsil, turist səfərlərinin təşkili kimi işlərlə məşğul olub. 

Onun bu fəaliyyətlər zamanı müəllimlərlə əmək müqaviləsi bağlamadığı, ümumilikdə 52 min 489 manat vergi və sosial sığorta ödənişlərindən yayındığı iddia olunur.

Bəxtiyar Hacıyevə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması və qaçaqmalçılıq ittihamı isə "Avropa Demokratiyaya Yardım Fondu” (European Endowment for Democracy) adlı təşkilatdan alındığı iddia olunan qrantla bağlıdır.

İttihama əsasən, bu təşkilatın Azərbaycanda qrant vermək səlahiyyəti yoxdur. Alınmış qrant da qeydiyyatdan keçməyib. İttihamda ümumilikdə 133 min manatdan bəhs olunur. Bəxtiyar Hacıyev pulları qaçaqmalçılıq yoluyla ölkəyə gətirməkdə, öz bank hesablarına köçürməkdə və özünə ev almaqda ittiham olunur. İddia edilir ki, ictimai fəal bu yolla çirkli pulları yuyub.

İctimai fəala qarşı daha bir ittiham epizodu isə Yasamal rayon Məhkəməsində Ülviyyə Alovlu kimi tanınan bloger Ülviyyə Muradova ilə aralarında olan insidentlə bağlıdır. 

İttihama görə, məhkəmədə hakim fasilə elan edəndən sonra Bəxtiyar Hacıyev təhqir və böhtana görə məhkəməyə verdiyi Ülviyyə Alovluya hücum edib. 

İctimai fəalın qarşı tərəfi təhqir etdiyi, əlindəki bükülmüş kağızla onu vurduğu iddia olunur.

Həm Ülviyyə Alovlu, həm də Yasamal Rayon Məhkəməsində icra məmuru olan Orxan Abdullayev zərərçəkmiş qismində tanınıb. 

İttiham aktında yazılıb ki, həmin hadisədə icra məmuru da zərər çəkib.

Bəxtiyar Hacıyev ittihama münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib. 

O vurğulayıb ki, ittihamların mahiyyəti də ona aydın deyil və bunu dövlət ittihamçısıyla dəqiqləşdirmək üçün ona bir neçə sual vermək istəyir. 

Hakim bildirib ki, prokurora sual verə bilməz.

"Maddələrdən söhbət getmir. İttihamın mahiyyəti, əsaslandırması mənə aydın deyil. Xahiş edirəm, imkan verin, dəqiqləşdirim, aydın olsun”, – Bəxtiyar Hacıyev bildirib.

Lakin hakim yenə icazə verməyib. Bu məsələ ilə əlaqədar hakim Əli Məmmədovla Bəxtiyar Hacıyev arasında dialoqdan sonra hakim ona rəsmi qaydada xəbərdarlıq edib.

Bəxtiyar Hacıyevin məhkəməsi fevralın 16-da zərərçəkmiş qismində tanınan şəxslərin ifadələrilə davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub. 

O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.

2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. 

Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. 

Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. 

İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.(Meydan TV)