Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb

Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb

22-01-2023 23:41 / Bu xəbər 700 dəfə oxundu

Vəkillərin etirazına baxmayaraq təqdimat təmin olunub

İctimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti fevralın 28-nə qədər uzadılıb.

Yanvarın 21-də Xətai Rayon Məhkəməsində istintaq orqanının bu barədə təqdimatına baxılıb və təmin olunub.

Bəxtiyar Hacıyev dekabrın 9-da həbs olunanda onun barəsində ilkin istintaq dövrü üçün 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilmişdi. 

İndi isə bu müddətdə istintaqın başa çatmadığını əsas gətirərək, həbs qətimkan tədbirinin müddətinin daha 1 ay uzadılması haqda məhkəməyə təqdimat verilib.

Məhkəmədə müstəntiq təqdimatı müdafiə edib.

Bəxtiyar Hacıyevin vəkilləri isə əksinə, etiraz edib. Vəkillər bildirib ki, təqdimat əsassızdır, təmin olunmamalıdır.

Vəkillərin etirazına baxmayaraq, təqdimat təmin olunub və Bəxtiyar Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddəti fevralın 28-nə qədər uzadılıb. 

Bu müddətdə istintaq tamamlanmalı və iş materialları baxılması üçün məhkəməyə göndərilməlidir.

Vəkil Aqil Layıc bildirib ki, Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.

Müdafiəçinin sözlərinə görə, ictimai fəal yanvarın 9-dan başladığı aclığı davam etdirir. 

Onun səhhətində ciddi problemlər yaranıb. Buna baxmayaraq, o, aclığı dayandırmaq niyyətində deyil.

"Ədalətsiz sistemdə və cəmiyyətdə ümidsizliyə düçar olaraq hər gün ölümümü gözləyirəm”, – Bəxtiyar Hacıyev vəkilinə belə deyib.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. 

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. 

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. 

İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. 

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. 

O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.