Bəxtiyar Hacıyevin son sözü: “Guya Qərbin dəstəyi ilə dövlət çevrilişi hazırlamışam”

Bəxtiyar Hacıyevin son sözü: “Guya Qərbin dəstəyi ilə dövlət çevrilişi hazırlamışam”

14-01-2025 02:27 / Bu xəbər 76 dəfə oxundu

10 il həbs cəzası alan fəal mediaya, vəkillərə, səfirliklərə və dəstək verən hər kəsə təşəkkür edib

İki ildən çoxdur ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində 10 il azadlıqdan məhrumetmə hökmü çıxarılmamışdan əvvəl son sözlə çıxış edib.

O, son sözünə həyatının hər mərhələsində yanında olan ailəsinə, dostlarına, qohumlarına təşəkkürlə başlayıb.

Eyni zamanda, vəkillərinə minnətdarlıq edib, hər birinin adını ayrıca vurğulayıb.

"Məhz bu dəyərli insanların şərlənmiş insanların hüquqlarının müdafiəsinə qoşulması bu işləri kənardan izləyənlərə göstərir ki, hüquq təhsilini günahsız insanları şərləməyə sərf edən müstəntiq, prokuror, hakimlərlə yanaşı, belə insanlar da var. Yaradanın bəxş etdiyi şərəfdən imtina etməklə "Şərəf”, "Şöhrət” ordeni almaqdan ötrü hər cür şərəfsizlik edənlər olduğu kimi, həyatını şərəflə yaşamağın mümkünlüyünü göstərənlər də var”, – Bəxtiyar Hacıyev bildirib.

İctimai fəal həbsdə olan dostlarından Rüfət Səfərov və Rail Abbasovun adlarını da çəkib.

O bildirib ki, Rail Abbasov həbs olunacağını bilə-bilə onun müdafiəsindən çəkilməyib və sonda buna görə onu şərləyərək həbs ediblər.

Rüfət Səfərov isə yüzlərlə insanın pozulmuş hüquqlarını müdafiə edirdi: "Buna görə onların hər birinə təşəkkür edirəm”.

Bəxtiyar Hacıyev onun işini diqqətdə saxlayan media orqanlarına, beynəlxalq təşkilatlara, səfirliklərə də təşəkkür edib.

Daha sonra barəsindəki cinayət işi haqqında danışan ictimai fəal bildirib ki, bu materialların birinci cildinin birinci səhifəsindən başlamış axırıncı vərəqinə qədər hamısı saxtakarlıq üzərində qurulub və bir ildən çox davam edən məhkəmə prosesində də bunlar ifşa edilib: "İttiham tərəfi təkzibedilməz sübutlar ortaya qoymalı idi, biz isə müdafiə olunmalı idik. Məhkəmə də tərəflərə bərabər şərait yaratmalı idi. Lakin tam tərsi baş verdi. Biz istintaq orqanının ədalət mühakiməsi əleyhinə törətdiyi cinayəti ifşa etdik bu məhkəmədə. Bu məhkəmə prosesində ittihamlar darmadağın oldu. Bir çox ifadələri eyni adam kompüterdə yığıb, saxta bir cinayət işi düzəldiblər”.

Bəxtiyar Hacıyevin sözlərinə görə, cinayət işindəki disklər onun "Pegasus” casus proqramı vasitəsilə izləndiyini, ona məxsus şəxsi məlumatların kibercinayət yolu ilə ələ keçirildiyini sübut edir.

İctimai fəal qeyd edib ki, bu cinayət işində saxtalaşdırma həm səliqəsiz, həm də savadsız həyata keçirilib. 

O, məhkəmə prosesinin qərəzli və ədalətsiz aparıldığını, müdafiə tərəfinin qaldırdığı 100-ə yaxın vəsatətin heç birinin təmin olunmadığını, dindirilməsini istədiyi şahidlərin heç birinin çağırılmadığını deyib: "Bu məhkəmənin heç mənim müdafiəçilərimin yanında əyləşməyimə icazə verməyə cəsarəti çatmadı”.

Həbsinə səbəb olan siyasi sifariş haqda danışan Bəxtiyar Hacıyev 2020-ci ildə 44 günlük müharibə zamanı orduya dəstək kampaniyasında iştirakını yada salıb.

O bildirib ki, müharibədən sonra ona qarşı qarayaxma kampaniyası və təzyiqlər başlayıb.

Bu barədə Prezidentin köməkçisinə, hakim ailəyə yaxın şəxslərə məlumat verib: "Təhqirin siyasi mübarizə yolu olmadığını bildirdim. Bu görüşdən sonra kampaniya dayandı. Amma bir neçə gün sonra yenə başladı. Kampaniyanın arxasında dayananlar icraçıları himayə edəndə mən də haqlı olaraq deyirdim ki, "axı himayə edənləri də o vəzifəyə təyin eləyən var!” Bu cür ədalətsizlikləri görə-görə 2022-ci ilin mayından beynəlxalq tədbirlərdə, Qərb rəsmilərilə görüşlərdə Azərbaycanda insan hüquqlarını mütəmadi pozan rəsmi şəxslərə qarşı sanksiya tətbiq olunmasını istəmişəm. Təsadüfi deyil ki, Daxili İşlər Nazirliyinin polkovniklərindən birinin ABŞ-nin sanksiya siyahısına düşdüyü gün həbs olunmuşam. Ölkə başçısının son müsahibəsində dediyi kimi, "Böyük bir sal daşı tərpəndi. Həbsimə razılıq alanlar bunun zəruriliyini həm də belə əsaslandırıblar ki, guya mən Qərbin dəstəyilə dövlət çevrilişi hazırlayıram”.

Hüquq-mühafizə orqanlarının Azərbaycanda ictimai-siyasi fəalların şəxsi həyatına aid məlumatlarını "Pegasus” casus proqramı vasitəsilə ələ keçirdiyini deyən Bəxtiyar Hacıyevin sözlərinə görə, ona münasibətdə də eyni addım atılıb.

Ardınca da dövlət səviyyəsində qarayaxma kampaniyası başladılıb.

"Bu ölkədə bir neçə ailənin lüks həyat yaşaması üçün minlərlə ailə təzyiqlərə məruz qalır, milyonlarla insanın sərvətləri oğurlanır. Gənclərin öz ölkələrinin gələcəyinə inamı ölüb. Tək ümidləri xarici ölkərə qaçmaq, mühacirət etməkdir. Budurmu insanlara aşıladığınız ailə dəyərləriniz?”, – Bəxtiyar Hacıyev bildirib.

O, çıxışının sonunda Əli Məmmədovun sədrlik etdiyi, Azad Məcilov və Səbinə Məmmədzadədən ibarət hakimlər heyətindən heç nə gözləmədiyini onların nəzərinə çatdırıb: "Bəraət hökmü çıxarmaq iqtidarında oımadığınızı bilirəm. Məşhur mahnıda deyildiyi kimi: "Sen də benim kadar gerçekleri biliyorsun, yavrucuğum”. Sizə tapşırılmış hökmü dinləməyə hazıram…”

Son sözünü bitirdikdən sonra ictimai fəal Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyasının hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Bəxtiyar Hacıyev xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirləndirilib.

Onun Zərdabi küçəsindəki evi və bank hesabında olan pulu müsadirə edilib.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.

Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.

Onunla bloger Ülviyyə Muradova (Alovlu) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur.

İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.

Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.

İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə onun ittihamlarının əsassız olduğunu bəyan edib.