Bəxtiyar Hacıyevlə bağlı İlham Əliyevə müraciət
12-12-2022 14:43 / Bu xəbər 1090 dəfə oxundu
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin əsassız cinayət məsuliyyətinə cəlb edilməsi və həbs olunması ilə bağlı Prezident İlham Əliyevə müracit edib.
Bu barədə Arqument.az-a təşkilatın sədri Fikrət Cəfərli məlumat verib.
Təşkilat bildirib ki, Hacıyev barədə verilən qərar siyasi aktdır: "İnsan hüquqları üzrə cəmiyyət, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınan nüfuzlu hüquq müdafiəçisi Bəxtiyar Hacıyev Bakı şəhəri, Baş Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.1 və 289.1-ci maddələri ilə aparılan cinayət işi ilə bağlı istintaqın təqdimatına əsasən Xətai rayon Məhkəməsi tərəfindən barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Azərbaycan ictimayyəti və beynəlxaq təşkilatlar Bəxtiyar Hacıyevə qarşı başlanan cinayət işini və dərhal da həbs edilməsini siyasi akt kimi qəbul edir.
Biz də hüquq müdafiə təşkilatı olaraq, Bəxtiyar Hacıyevin cinayət məsuliyyətinə cəlb edilməsini və dərhal həbs edilməsini ciddi qanun pozuntusu hesab edirik. Düşünürük ki, bu cinayət işi Konstusiyaya, İnsan hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olduğundan ölkəmizin nüfuzuna xələl gətirən hərəkətdir.
Bəxtiyar Hacıyevə qarşı başlanan cinayət işinin qərəzli, sifarişli olduğunu göstərən hallar ondan ibarətdir ki, həmin cinayət işində B. Hacıyev özü şikayətçi olub. Hacıyev şikayətçisi olduğu işdə təqsirləndirilən səxsə çevrilərək barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi cinayət işinin qərəzliliyin ifadəsidir".
"Azərbaycan qoşulduğu beynəlxaq sənədlərə əsasən, məhkəmə həbs qətimkan tədbiri seçərkən İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı və o cümlədən də AR Cinayət Prosessual Məcəlləsinin 155-ci maddələrinin tələblərinə əməl etməlidir. Məhkəmə milli qanunvericiliyimizə və həm də dövlətimizin qoşulduğu beynəlxaq Konvensiyaları kobudcasına pozaraq Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçib. Cinayət Prosessual Məcəllənin 155-ci maddəsində konkret göstərilib ki, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilə bilər.
Bəxtiyar Hacıyevin cəlb olunduğu AR CM 221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 289.1-ci maddəsi; Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır", - deyə təşkilat bildirib.
Təşkilat qeyd olunanları nəzərə alaraq daha vurğulayır ki, Cinayət Prosessual Məcəllənin tələbinə əsasən, həbs yalnız iki ildən artıq müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə, həmçinin, cinayət prosesini həyata keçirən orqandan gizlənmənin qarşısını almaq məqsədi ilə edilə bilər:
"Xətai rayon Məhkəməsi isə Bakı şəhəri, Baş Polis İdarəsinin İŞ-nin Bəxtiyar Hacıyevə qarşı verilmiş qərəzli, sifarişə söykənən təqdimatını təmin etməklə ciddi qanun pozuntusuna yol verib. Bəxtiyar Hacıyevin qanunsuz həbs edilməsini dövlətçiliyimizə qarşı təxribat sayır və açılmış sifarişli cinayət işinə xitam verilməsini və Bəxtiyar Hacıyevin azadlığa vuraxılmasını xahiş edirik".












