Beyləqanda 1 milyon tender udan "Vaqif" kimdir?

Beyləqanda 1 milyon tender udan

05-09-2019 16:45 / Bu xəbər 996 dəfə oxundu

KİV: "İcra hakimiyyəti heç kimin tanımadığı "Vaqif”ə 1 milyon verir"

Beyləqan Rayon İcra Hakimiyyətinin "quruculuq və abadlıq işləri" ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.

Bu barədə "qafqazinfo" məlumat yayıb.

Məlumatda deyilir ki, icra hakimiyyətinin elan etdiyi tenderin qalibi "Vaqif" firması olub. 

Xəbərə görə, artıq tərəflər arasında 1 milyon manatlıq müqavilə imzalanıb. Bunu təsdiq edən məlumat isə https://etender.gov.az/ saytında öz əksini tapıb. Lakin bu firmanın bir milyonluq işin öhdəsindən necə gələcəyi sual olaraq qalır. 

"Vaqif" firması ilə bağlı internet resuslarında isə bir cümlə belə məlumat yoxdur. Firmanın nə rəsmi saytı, nə də sosial şəbəkədə hesabı var. "Vaqif" firmasının ünvanı, harada fəaliyyət göstərməsi, əlaqə nömrələri də yoxdur.

Mütəxəssislər hesab edir ki, bu, tender sahəsində çox geniş yayılmış nümunədir. Belə ki, bəzi səlahiyyət sahibləri elan etdikləri tenderlərin qaliblərini seçərkən birbaşa özünə, qohumuna, ona bağlı olan şirkətlərə üstünlük verirlər. Belə olan halda elan edilən tender uğrunda mübarizədə şəffaflıq qorunmur. 

Tenderin qaydalarına görə, dövlət qurumu ən azından eyni sahədə 3 ildən çox təcrübəsi olan şirkətlərlə müqavilə bağlamalıdır. Bu halda ən azı 3 ildir fəaliyyət göstərməli olan "Vaqif" firmasın haqqında heç bir məlumatın olmaması şübhələri daha da gücləndirir. 

Beyləqan rayon İcra hakimiyyəti 1 milyonluq tenderlə bağlı açıqlama yayıb.

Beyləqan Rayon İcra Hakimiyyətindən arqument.az-a  bildiriblər ki, "İcra hakimiyyəti heç kimin tanımadığı "Vaqif”ə 1,0 milyon  manat  verir” başlıqlı xəbər həqiqətəuyğun deyil, böhtan xarakterlidir: ""Dərc olunan materialların saxta olduğunu bildiririk və dərin təəssüf hissi keçiririk. Məlumat üçün bildiririk ki, abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün  08 avqust 2019-cu il tarixdə açıq tender keçirilmiş, "Vaqif” firması keçirilmiş tenderin qalibi elan olunub. Bildirik ki, tenderin qalibi "Vaqif” firması 1997-ci ildən təsis edilərək fəaliyyət göstərir. Firma Bakı şəhərində və regionlarda bir çox əhəmiyyətli abadlıq quruculuq sahəsində keyfiyyətli işlər görmüşdür. Hazırda həmin firma Beyləqan şəhərində davamlı olaraq aparılan abadlıq-quruculuq işlərini həyata keçirir”.