Bəylər Eyyubovun yeni təyinatına nə gərək vardı? - Təhlilçilər danışıb

Bəylər Eyyubovun yeni təyinatına nə gərək vardı? - Təhlilçilər danışıb

18-03-2020 17:31 / Bu xəbər 2406 dəfə oxundu

Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsi və və əvəzində 3 qurumun yaradılması "hökumətin özünü qorumasını daha üst mərhələyə keçirməkdir", - təhlilçi Alya Yaqublu deyir.

Təhlilçi Üzeyir Cəfərov isə hesab edir ki, bu qurumların indi yaranması ölkədə baş verən yeni hadisələrlə bağlıdır.

"Yeni dönəmdə, yeni qurumlar da olacaq", - o deyir.

Bazar ertəsi Prezident İlham Əliyev Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsi və əvəzində üç qurumun yaradılması ilə bağlı fərman imzalayıb.

İlham Əliyevin sərəncamı ilə yaradılmış qurumlar bunlardır: Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Respublika Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Bəylər Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

General-polkovnik rütbəli Bəylər Eyyubov bundan əvvəl Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini idi.

"Profilaktik tədbir"

Alya Yaqublu deyir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətində bu günədək hər hansı problem olmayıb və ləğv qurumun rəhbəri Vaqif Axundova etimadsızlıqla bağlı deyil.

Onun sözlərinə görə, əlavə iki qurumun yaradılması hakimiyyət daxilindəki fikirlərlə bağlıdır və bu sahələrdə boşluq var.

O deyir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaradılması bu sahəyə nəzarəti gücləndirmək məqsədi daşıyır.

Prezident rabitə sahəsini özünün etibar etdiyi şəxsə tapşırmaq istəyir.

Digər qurum, yəni, Respublika Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yaradılmasını isə Alya Yaqublu "hakimiyyətin məlum olmayan narahatlığı" ilə əlaqələndirir.

O deyir ki, bu qurumun yaradılmasını profilaktik tədbir kimi görür: "Dünya iqtisadiyyatının hazırkı durumu (Azərbaycanda) vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər. Sosial partlayış termini var. Real görünməsə də, hakimiyyətin bununla bağlı narahatlığı görünür. Ailə daxilində prezident dəyişikliyi olması ilə bağlı qənaətlər formalaşıb. Mehriban Əliyevanın İlham Əliyevi əvəzləməsi fikri rəsmi şəkildə ifadə olunmasa da, Mehriban Əliyevanın getdikcə yüksələn nüfuzu bu qənaəti getdikcə ciddiləşdirir. Bu qurumun yaradılması profilkatik tədbir ola bilər".

"Yəni bu hadisəyə qarşı hər hansı fəaliyyət, hərəkət, hərəkat, siyasi proses olsa obyektlərin bəri başdan qorunmasını gücləndirməsi iş rejiminə keçməsi demək olar", - Alya Yaqublu deyir.

"İdarəetmə strukturunda yenilənmə"

Üzeyir Cəfərov atılmış bu addımın vacibliyindən danışır.

"Burada prezidetin, dövlətin həyat və fəaliyyətini tənzimləyən xidmətin fəaliyyətindən söhbət gedir. Bu qurum 21-ci əsrin tələblərinə cavab verməlidir", - o deyib.

O deyir ki, güc strukturları daxilində daha mobil, daha çevik təşkilatlar da yaradılmalıdır.

"Dövlət başçısı ali baş komandandır. Onun təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmalıdır", - deyən təhlilçi "informasiya müharibəsi gedən vaxtda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin də önəmli olduğunu deyir.

Cənab Cəfərov hesab edir ki, Azərbaycanda idarəetmə strukturunda yenilənmə aparılmalıdır.

"Əvvəllər yaradılan qurumlarda bir-birini təkrarlayan, bəzi hallarda bir-birinin işinə maneə törədə bilən xidmətlər, şöbələr var. Onlar müasirləşdirilməlidir. Bu sayda şəxsi heyətin saxlanması, bu sayda şəxsi heyətin vəzifə borcunu yerinə yetirməsinə ehtiyac yoxdur", o deyir.

Üzeyir Cəfərov hesab edir ki, belə qərarların davamı gəlməlidir, çünki islahata ehtiyacı olan qurumlar var.

O, buna misal kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətini göstərir.

"Bu xidmətin o ştatda saxlanmasını qəbul etmirəm. Əvvəllər dövlət büdcəsindən ora normal vəsait ayrılırdı. İndi isə hədsiz şişirdilib, az qala 1000 nəfərə yaxın şəxsi heyəti olan qrumdur. Nə ehtiyac var bu qədər idarələrin, bu qədər xidmətlərin yaradılmasına. İnanıram ki, onunla da bağlı məsələ ilə məşğul olcaqlar".

Yeni yaradılmış xidmətə Bəylər Eyyubovun rəis təyin edilməsilə bağlı isə Üzeyir Cəfərov deyir ki, "daha gənc, daha müasir insanların irəli çəkilməsi vacibdir" deyir.

"Necə ki, bir neçə icra strukturunda vəzifələrə gənclər təyin edilib. Hər halda ölkə başçısının qərarıdır. Bəylər Eyyubov təcrübəlidir. Hələ Heydər Əliyevin dönəmində bu vəzifədə çalışıb, daha çox məlumatlıdır. Gənclər daha az təcrübəlidir", cənab Cəfərov deyir.

Prezidentin yeni qurumlarla bağlı fərmanında bildirilib ki, 2 ay müddətində bu yeni qurumların əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflər ölkə başçısına təqdim edilsin.

Bundan başqa, Nazirlər Kabinetinə "Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında" Qanun layihəsini 2 ay müddətində hazırlamaq tapşırılıb.

BBC Azərbaycanca