Beynəlxalq təşkilat COP29-da iştirak edən dövlətlərə çağırış edib
24-09-2024 17:10 / Bu xəbər 621 dəfə oxundu
"Human Rights Watch” həbs olunanların azad edilməsini tələb edir
"Human Rights Watch” Birləşmiş Millətlər Təşkilatının (BMT) 29-cu iqlim dəyişikliyi konfransında (COP29) iştirak edən hökumətləri insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməyə çağırıb.
Bu barədə "Human Rights Watch” təşkilatının yaydığı məlumatda deyilir.
Məlumatı sentyabrın 24-də "Turan” yayıb.
Təşkilatın rəsmisi Mirto Tilianakinin sözlərinə görə, COP üçüncü ildir ki, söz və toplaşma azadlığını ciddi şəkildə məhdudlaşdıran repressiv dövlətlərdə keçirilir.
O qeyd edib ki, Azərbaycandakı tədbirə qatılan hökumətlər iqlim dəyişikliyi ilə mübarizədə müstəqil səslərin eşidilməsini tələb etməlidirlər: "2022-ci ildə Azərbaycanın neft və qaz gəlirləri dövlət büdcəsinin 52 faizini və ixrac gəlirlərinin 90 faizini təşkil edib. Hökumətlər iqlim böhranı ilə mübarizə və insan hüquqlarının qorunması üzrə səyləri pozmaq üçün Azərbaycanın öz mövqeyindən istifadə etməsinə icazə verməməlidirlər”, – deyə Tilianaki əlavə edib.
Təşkilat isə hesab edir ki, Azərbaycanda fərqli fikirliliyə dözməyən və son aylarda müstəqil jurnalistləri, vətəndaş fəallarını təqib edən avtoritar hökumət var: "Özbaşına saxlanılanlar arasında korrupsiyaya qarşı mübarizədə fəal, Azərbaycanın neft-qaz sektorunu tənqid edən və COP29-dan əvvəl Azərbaycanda vətəndaş azadlıqları və ekoloji ədalət təşəbbüsünün həmtəsisçisi olan insan hüquqları müdafiəçisi var. Azərbaycan hökumətinin müstəqil fəallara qarşı düşmənçiliyi vətəndaş cəmiyyəti qruplarının COP29-da və konfransdan sonra iştirakını şübhə altına alır”.
Azərbaycanın dövlət başçısı İlham Əliyev sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı bildirmişdi ki, İkinci Qarabağ savaşından sonra Azərbaycanın beynəlxalq nüfuzu bir neçə dəfə artıb: "Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır”.
"Biz indi – İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək”, – deyə Əliyev vurğulayıb.
Bu ilin noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçiriləcək.
Bununla əlaqədar Bakıda bəzi məhdudiyyət və qadağaların tətbiqinə başlanılıb.
Paytaxda fəaliyyət göstərən şadlıq saraylarında noyabrın 8-dən 22-dək toy mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.
Azərbaycandakı müstəqil ekspertlər hesab edirlər ki, bu, indiyədək ölkənin ev sahibliyi edəcəyi ən böyük tədbirdir və Bakı buna infrastruktur baxımından hazır deyil.