"Bild" qəzeti: "Kanslerin səfəri öncəsi diplomatik skandal" - Alman deputat Azərbaycana buraxılmır

21-08-2018 16:59 / Bu xəbər 2466 dəfə oxundu

Azərbaycan hökuməti Almaniya Bundestaqının deputatı Albert Vaylerin ölkəyə daxil olmasına icazə vermir. 

Bu barədə Almaniyanın "BILD" qəzeti "Kanslerin Qafqaz səfəri öncəsi diplomatik skandal" başlıqlı xəbərində yazır. 

Məlumata görə o, cümə axşamı Gürcüstana, Ermənistana və Azərbaycana səfəri zamanı Angela Merkelə yoldaşlıq edəcəkdi.

Rəsmi Bakının Vayleri "arzuolunmaz şəxs" kimi tanınmasının səbəbi 2014 və 2016-cı illərdə Qarabağa səfəridir.
 
"Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb", - bunu isə "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetində almaniyalı parlamentariyə Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yazılan məlumatlara münasibət bildirərkən deyib.

Almaniya tərəfi deputatın bölgəyə səyahəti üçün Azərbaycan hökuməti ilə danışıqlar aparsa da, rəsmi Bakı qətiyyət göstərərək razılıq verməyib.
 
Toplum.Tv