“Binamıza keçmiş “Bakı” mehmanxanasının köhnə liftini quraşdırıblar”

“Binamıza keçmiş “Bakı” mehmanxanasının köhnə liftini quraşdırıblar”

14-11-2019 15:52 / Bu xəbər 204 dəfə oxundu

Sakinlər deyir, binaya quraşdırılmış lift ölüm mənbəyidir

"Hər dəfə liftə minəndə elə bilirik ki, bu dəqiqə tros qırılacaq, şaxtaya düşəcəyik. Hara şikayət ediriksə, deyirlər, dövlət bunası deyil, gedin, evi tikən şirkətin sahibini tapın, gəlsin, liftinizi dəyişsin”.

Paytaxtın Nizami rayonu, Elşən Süleymanov 59 ünvanında yaşayan sakinlər liftlərin işləməməsindən şikayətçidilər. Onların deməsinə görə, 10 ildən çoxdur istifadəyə verilən 10 mərtəbəli binanın liftləri tez-tez xarab olur, işə, məktəbə gedən sakinlər saatlarla liftdə qalırlar.

"Uşaqlar saatlarla liftdə qalır”

Bina sakini Mədinə Şükürova deyir, iki dəfə 10 yaşlı oğlu, bir dəfə də özü liftdə qalıb: "Qorxudan 10 mərtəbəli binanı piyada düşüb-qalxırıq. Uşaqlara liftə minməyə icazə vermirik. Elə vaxt olur ki, səhər uşaq evdən çıxır məktəbə getməyə, 1 saat liftdə zülmətdə qorxudan qışqıra-qışqıra qalır. Ta ki, liftin qapısını özümüz açıb uşağı ordan çıxarana qədər çığırıb ağlayır. Bina istifadəyə verilən vaxtdan bu problemi yaşayırıq. Binanı tikən şirkətin arxasında dayanan kimdirsə, özünə çox arxayındır. Bir gün bu liftlərdə ölüm, faciə baş verəcəyi də bu adamı maraqlandırmır, narahat etmir”.

Bir neçə gün əvvəl isə binanın başqa sakini Rəfiqə Həsənova da 1 saatdan çox liftdə qalıb: "Yuxarı mərtəbədə yaşadığım üçün liftdən istifadə etməyə məcburam. Hər dəfə liftə minəndə mənzillərimizə sağ-salamat gedib çıxmağımız üçün dualar edirik. Təsəvvür edin ki, hər gün bir neçə dəfə liftə minirəm və hər dəfəsində də sarsıntılı, həyəcanlı anlar yaşayıram. Noyabrın 5-də mağazadan əliyüklü qayıdanda lift yenə 2-ci mərtəbəylə 3-cü mərtəbənin arasında dayandı, qaranlıq liftin içində sarsıntı yaşadım, 1 saatdan çox imdad dilədim. 1 saatın hər saniyəsini öldüm-dirildim. Təsəvvür edin ki, lift dayanır, işığı sönür və titrəməyə başlayır. Sanki indicə qırılıb şaxtaya düşəcək”.

"FHN işçiləri dedi, lift dəyişdirilməsə, faciə qaçılmazdır”

Rəfiqə xanımın köməyinə qonşular gəlib: "Hərə öz metodu ilə lifti açmağa çalışırdı, onlar çöl tərəfdən qapını açmağa çalışırdılar, mənə içəridən qapının arasını tutub saxlamağı deyirdilər, bu proseslər 1 saat çəkdi, nəhayət, qapını açıb məni xilas edə bildilər. Təsəvvür edin ki, lift iki mərtəbənin arasında qalmışdı, qapını acandan sonra stul gətirib birtəhər mənə verdilər, mən liftin içində stula çıxdım və ordan yuxarı mərtəbədən əl uzadıb məni dartıb çölə çıxartdılar. Halım pisləşmişdi, təzyiqim qalxmışdı, qonşular təcili yardım çağırmışdılar. Liftdən çıxarılandan sonra həkimlər tibbi yardım göstərdi”.

Rəfiqə xanım əvvəllər də liftdə qalıb, hər dəfəsində köməyinə qonşular gəlib. Onun sözlərinə görə, sonuncu dəfə liftdə qaldığı zaman Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də gəlib çıxıb. Qonşularla köməkləşərək onu liftdən çıxarandan sonra sakinlərə məsləhət görüblər ki, liftin yenilənməsinə çalışsınlar, yoxsa faciə qaçılmazdır.

"Şirkətin nümayəndəsi deyir, özünüz çarə qılın”

Sakinlər də hər hansı faciə baş verməməsi üçün indiyədək dəfələrlə "Çənlibel” MTK-nın rəhbərliyi ilə görüşməyə cəhd ediblər. Ancaq uzun illərdir ki, onlar yalnız MTK-nın Vüsal adlı nümayəndəsi ilə danışa bilirlər:

"Şirkətin rəhbərliyi kimdir, bilmirik. Vüsal adlı bir nəfəri qabağa verirlər, o da deyir, az qalıb, təzə ilin əvvəlindən bina şirkətdən çıxacaq, rəsmi qaydada sakinlərin nəzarətinə keçəcək, onda özləri lifti yeniləyərlər. Şirkət o vaxt xərcə düşməmək üçün gətirib təzə binaya həmin vaxt sökülən "Bakı” mehmanxanasının liftini quraşdırıb. Adamları aldadıb, indi də deyir, gedin, özünüz çarə qılın”.

Sakinlər deyir, binada təkcə lift dərdi deyil, illərdir ki, bloklarda işıqlandırma sistemi işləmir. Ancaq onlardan illik kommunal xərclərin ödənilməsi tələb olunur.

Sakinlər dəfələrlə müxtəlif qurumlara müraciət ediblər. Onlara bildirilib ki, binadakı kommunal problemləri "Çənlibel” MTK həll etməlidir.

Meydan TV "Çənlibel” MTK-nın məsələyə münasibətini öyrənməyə çalışıb. Özünü MTK sədri kimi təqdim edən Vüsal Abdullayev bildirib ki, vaxtilə quraşdırılmış liftin köhnə olması ilə bağlı sakinlərin dedikləri doğru deyil. O, həmçinin əlavə edib ki, tezliklə bina MTK-nın balansından çıxaraq rəsmən sakinlərin nəzarətinə veriləcək və binadakı bütün kommunal problemləri də sakinlər özləri həll edəcəklər.

Hüquqşünas Namizəd Səfərovsa sakinlərə məhkəməyə müracit etmələrini məsləhət görür: "Şirkət binadakı bütün kommunalı problemləri həll edib sonra sakinlərə təhvil verməlidir. Heç bir halda şirkət məsuliyyəti üzərindən ata bilməz. Sakinlər şirkətə qarşı məhkəmədə iddia qaldıra bilərlər”.

Meydan.tv