Bir neçə rayona giriş-çıxış qadağan edildi

Bir neçə rayona giriş-çıxış qadağan edildi

23-10-2020 21:34 / Bu xəbər 1078 dəfə oxundu

Qadağalar xüsusi təyinatlı nəqliyyat vasitələri və yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla tətbiq ediləcək

Oktyabrın 24-dən etibarən Azərbaycanın bəzi rayon və kəndlərinə giriş-çıxış dayandırılacaq.

Bunlar Sabirabadın Cavad, Türkədi, Kürkəndi və Qalağayın kəndləri, Şəki şəhəri və Şəkinin Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Qubanın Rustov və Zərdabi kəndləridir. Bundan əlavə, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına da giriş-çıxış dayandırılacaq.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Səbəb kimi yaranmış sanitar epidemioloji vəziyyət göstərilir.

Adıçəkilən bölgələrə giriş-çıxışın qapadılmasına çıxış yolu kimi baxılır. Giriş-çıxışın qapadılması Nazirlər Kabineti "Xüsusui karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 №li Qərara edilən dəyişikliklər əsasında edilib.

Qadağalar operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla tətbiq ediləcək.

Oktyabrın 23-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb.

212 nəfər bu virusa yoluxanlardan müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 9951, hazırkı dövrədək isə ümumilikdə 1270144 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.///Meydan.tv