Bir qrup deputatlığa namizəd "Fu Məzi" yazan fəalla bağlı bəyanat yaydı

Bir qrup deputatlığa namizəd

10-03-2020 14:45 / Bu xəbər 2910 dəfə oxundu

Bir qrup deputatlığa namizəd "Fu Məzi" yazdığına görə həbs edildiyi iddia olunan Fuad İsmayılovla bağlı bəyanat yayıb.

Bu barədə Arqument.Az-a hüquqşünas Fikrət Cəfərli məlumat verib.

O bildirib ki, bəyanatı namizədlərdən Aygün Suleymanlı, Jalə Mütəllimova, Vüsalə Həsənova, Abid Qafarov, Bəxtiyar Hacıyev, Fərhad Mehtiyev, Fikrət Cəfərli, Nazim Bəydəmirli, Nicat Gözəlov, Ruslan İzzətli, Vasif İsmayıl, Azər Qasımlı, Xalid Bağırov, Natiq Cəfərli, Ziya Quliyev, Yadigar Sadıqlı, İlham Mirzəliyev, Emil Məmmədli, Anar Məmmədzadə, Əlirza Kərimli, Rəşad Rzayev və başqaları imzalayıb.

Bəyanatda Fuad İsmayılovun dərhal azadlığa buraxılması tələb olunur: "Biz, 09 fevral 2020-ci il tarixdə keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmiş namizədlər, 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd olmuş Fikrət Cəfərlinin 8 saylı seçki məntəqəsi üzrə məşvərətçi səs hüquqlu komissiya üzvü İsmayılov Fuad Ələkbər oğlunun seçkilərdəki saxtakarlığa etiraz etdiyinə görə 07 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə şərlənərək inzibati xəta törətməkdə təqsirli bilinməsini və 2 ay müddətinə inzibati həbs edilməsini pisləyirik, dərhal qeyd və şərtsiz azad edilməsini tələb edirik!".

Fuad İsmayılov 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü olub. Fevralın 21-də MSK-nın qarşısında divara "Fu Məzi” yazdığı üçün saxlanılıb və bir neçə saat sonra sərbəst buraxılıb.

Fəal martın 7-də evdən çıxıb və qayıtmayıb. Bir gün sonra məlum olub ki, o, Suraxanı rayonu 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə iki ay həbs edilib. 

İnzibati cəza alan fəal Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

Fikrət Cəfərli isə deyir ki, Fuad İsmayılovun saxlanılması onun seçkidəki fəaliyyəti və son günlər sosial şəbəkələrdəki aktivliyi ilə bağlıdır. Hazırda onunla görüş də verilmir.