Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə xidmətdən tərxis olunacaq

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə xidmətdən tərxis olunacaq

01-12-2020 16:52 / Bu xəbər 857 dəfə oxundu

Prezident sərəncam imzaladı

Dekabrın 1-də Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, bəzi öhdəlikləri olan hərbçilərin tərxis olunmasına başlanır. Sərəncamın aid olduğu şəxslər bunlardır:

1.1. üç və ya daha çox uşağı olan;

1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;

1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;

1.4. ailənin tək övladı olan;

1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;

1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;

1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;

1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir. Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.