Bir qrup QHT Saleh Rüstəmovla bağlı İlham Əliyevə müraciət etdi

Bir qrup QHT Saleh Rüstəmovla bağlı İlham Əliyevə müraciət etdi

19-11-2021 15:10 / Bu xəbər 805 dəfə oxundu

Onlar Saleh Rüstəmovun həbsdən azad edilməsini xahiş ediblər

Bir qrup qeyri-hökumət təşkilatı (QHT) nümayəndəsi, media rəhbəri və hüquq müdafiəçisi 13 saylı Cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı Prezident İlham Əliyevə müraciət edib.

Onlar bildiriblər ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Saleh Rüstəmovun səhhətində ciddi problemlər yaranıb.

Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əliməmməd Nuriyev, Çingiz Qənizadə, Hafiz Həsənov, Əvəz Həsənov, Osman Gündüz, Elşad Eyvazlı, Sahib Məmmədov, Bahəddin Həziyev, Sabit Bağırov, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərəmli və digərləri imzalayıb.

"Hazırda cəza çəkdiyi müəssisədə 10 gündən artıqdır ki, davamlı aclıq aksiyası keçirməsi onun səhhətindəki problemləri daha da kəskinləşdirib. Proseslərin bu cür gedişi onun həyatının real təhlükə altında olduğunu və həyatını itirəcəyi ehtimalını artırır”, – deyə müraciət müəllifləri bildiriblər.

Onlar Saleh Rüstəmovun Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirakını əsas gətirərək onun azadlığa buraxılmasını xahiş ediblər: "Cənab Prezident, Saleh Rüstəmov Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində vaxtilə böyük rol oynayıb, uğurlu Başkənd əməliyyatında igidliklə iştirak edib. Eyni zamanda, o, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi proseslərinin fəal iştirakçılarındandır. Bunlardan əlavə, hazırda onun övladı 20 ilə yaxındır ki, böyrək çatışmazlığından əziyyət çəkir və ailə hələ də aradan qaldırıla bilməyən bu problemlə məşğuldur. İnsanların öz dövlətindən humanizm gözləntiləri həmişə böyük olub və Zəfər Günü münasibətilə Sizin təşəbbüsünüzlə verilən Amnistiya Aktı da bu gözləntilərin bariz nümunələrindəndir”.

"Bütün bunlara görə Sizə böyük inam və ehtiramla xahiş edirik ki, Saleh Rüstəmovun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı öz səlahiyyətləriniz daxilində müvafiq göstəriş verəsiniz. Belə bir addım həm də, yaşadığımız hazırkı Zəfər günlərində Sizin ictimai fikirdə yüksək minnətdarlıqla qarşılanan tədbirləriniz içərisində xeyirxah nümunələrdən biri olardı”, – deyə müəlliflər qeyd ediblər.

Hazırda həbsdə olan Saleh Rüstəmov 14 gündür ki, aclıq aksiyasını davam etdirir.

Vəkili və qardaşı ondan növbəti dəfə aclığı dayandırmağı xahiş etsə də, razılaşmayıb.

O, 1998-ci ildən Rusiyada yaşayıb. 2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gələn Rüstəmov Şəmkirdə saxlanılıb.

Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.

İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmov də eyni ittihamla saxlanılıb.

Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, onlar çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Amma Saleh Rüstəmov ittihamı rədd edib.

O bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum edilib.

Vidadi Rüstəmova isə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.(Meydan TV)