"Bizi daha böyük çətinliklər gözləyir" - MÜSAHİBƏ

25-12-2015 14:13 / Bu xəbər 4704 dəfə oxundu

Xasay Fərzulla: "Köhnə dostlar  inciməsin - onlar  prinsipial, daha  lazımlı və həlledici  məqamlarda ya gecikiblər, ya da tələsiblər"

Arqument.Az-ın "Bölgələrdə siyasi-iqtisadi durum" rubrikasının ilk qonağı Müsavat Partiyasının Masallı Rayon Təşkilatının sədri Xasay Fərzulladır. Onunla seçkilər və seçkidən sonrakı siyasi durum, "ölkədə baş verən iqtisadi böhranın bölgələrdə necə müşahidə olunması və gündəmin digər aktual problemlərini müzakirə etdik:

Xasay bəy, Masallıda siyasi durum necədir?

- Masallıda siyasi  durum Azərbaycanın digər bölgələrindəki durumdan fərqli deyil. İnsanların normal siyasi proseslərin gedəcəyinə inamı ciddi şəkildə sarsılıb. Bu, mövcud  hakimiyyət tərəfindən aparılan siyasətin nəticəsidir. Uzun illər vətəndaşa siyasi  mövqeyini azad şəkildə ortaya qoymasına imkan verilməyib. Vətəndaş siyasi prosesləri sanki  küskün şəkildə müşahidə etməkdədir. Rayon təşilatı olaraq isə fəaliyytimizi davam  etdiririk. 

- Son parlament seçkilərində Müsavatın Masallıdan namizədi oldunuz, bütövlükdə seçki prosesini necə dəyərləndirərdiniz?

- Hakimiyyət seçki prosesini  illərdir ki, məhdud çərçivədə, vətəndaşıların aktiv iştirakı olmadan, yaxud aktivliyin  müəyyən qədər yaşandığı seçkilərdə belə  yenə də  saxtalaşdıraraq  həyata keçirmək  xəttini yürüdüb və təəssüf  ki, buna nail da olub. Bu il  keçirilən  parlament  seçkiləri  isə  əvvəlkilərdən  daha  fərqli  mənfi nüanslarla yadda qaldı. Belə ki, hakimiyyət budəfəki seçkini nəinki  dar  çərçivədə, özünün müəyyən etdiyi anti-demokratik, azad olmayan şərtlərlə,  hətta  sanki bir ovucun içində cəmləmək xətti yürütdü. İlk dəfə olaraq namizədlərə verilməli olan efir vaxtından belə  imtina etdi. Belə  bir seçkidə isə Müsavat Partiyası iştirakdan imtina etdi.

"Qeyri-bərabər seçki şəraiti, çətin və məhdud imkanlar..."

- Seçkidə ciddi iş apardınız. Demək olar ki, ən aktiv və  şanslı  namizədlərdən biri də siz idiniz. Partiyanın boykot qərarına da etiraz etmədiniz. Bu sizinlə seçicilər arasında hər hansı bir narazılığa səbəb olmadı ki?

- Müsavat Partiyası seçkilərə qatılma qərarı verərkən seçki prosesinin gedişində qərara  yenidən baxacağını bəyan etmişdi.  Partiyanın seçkidən imtina qərarında əsas tələb azad seçkidir. Bu baş verərsə,  o zaman kimin seçilməsi önəm daşımır. Mənim namizədliyimə və seçki  prosesindəki  fəaliyyətimə gəlincə, normal  seçki  keçiriləcəyi təqdirdə qələbə  çalacağıma şübhəm yox idi. Müsavat Partiyasının təmsilçisi  olaraq  xalqın  maraqlarından  çıxış etməklə yanaşı, dairə ərazisində doğulmağım, burada yaşamağım, xeyli dostlara və şəxsi  əlaqələrə malik  olmağım da  xüsusi  üstünlüklərimdən idi. Qeyri-bərabər seçki  şəraiti, çətin  və məhdud  imkanlar  çərçivəsində  maraqlı,  yaddaqalan və uğurlu  kampaniya apardığımızı deyə bilərəm. Lakin bu, işin əsas hissəsi olan seçkinin azad və ədalətli keçirilməsi problemini həll etmirdi. Təbii ki, dairədə olan dostlardan, tərəfdarlarımdan və partiya üzvlərimizdən  prosesi sona qədər aparılmasını istəyənlər də xeyli idi. Lakin Müsavat Partiyasının seçkidən imtina qərarı mənim üçün önəmli idi. Çünki illərimi verdiyim partiyanın qərarında əsas niyyətin yalnız xalqın mənafeyinin  qorunmasının  olduğuna  əmin idim. O üzdən mən  də seçki  prosesindən  imtina  etdim. Eyni zamanda  seçkidən  imtina  qərarının izahına da  namizəd olduğum  dairədə  ehtiyac olduğunu  qeyd etməliyəm. O üzdən seçicilərə xüsusi müraciət  etdim. Müraciəti mətbuatda və  sosial  şəbəkələrdə,  nüsxələrini  çoxaltmaqla  dairə ərazisində yaşayan vətəndaşlara  yaydıq. Hesab edirəm ki, qərarı normal və anlaşıqlı qəbul etdilər. Çünki Müsavatın tələb etdiyi  şərtlərin vacibliyini  seçicilər  də yaxşı bilirdilər. Seçki  günü seçici  aktivliyinin  10-12%-i  keçməməsi dediklərimi  təsdiqləyir.

"...boykot  qərarı daha effektli, daha diqqətçəkən oldu"

 - Müxtəlif  müxalifət  təşkilatları, məsələn Milli Şura və digər təşkilatlar seçkidən əvvəl  boykot  qərarı verdi. Müsavat  isə fərqli mövqe nümayiş etdirdi. Bunun hər hansı ciddi fərqi olduğunu düşünürsüzmü?

- Əlbəttə. Siyasi mübarizənin  içində boykot taktikası da var. Amma onun müxtəlif  formaları və həyata keçirilmə metodları var. Müsavat Partiyası mövcud  siyasi şəraitdə  vəziyyətdən  maksimum  istifadə  xəttini  həmişə məqbul sayıb. Məsələyə də bu yöndən yanaşıb. Bu gün Azərbaycan  cəmiyyətinin aktivləşməsinin və siyasi proseslərə  qatılamasının  qarşısını  alan  iki  əsas  problem var:  qorxu və inamsızlıq.  Bu, kimsəyə sirr deyil. Bunların hər ikisini eyni vaxtda, yaxud  birini  aradan  qaldırmaq  yolu  ilə  nəyəsə nail  olmaq olar. Mövcud  vəziyyətdə  qorxu  xofunu  aradan qaldırmaq  əsasən  hakimiyyətin vəzifəsi  sayılır. Bu siyasi  məhbusların  azad edilməsi  ola bilərdi. Seçki prosesin son günlərinə  qədər  ümid  etsək  də,  hakimiyyət  bunu  etmədi. Yəqin, hakimiyyət  də  əsas  "silahı”nı  əldən vermək istəmədi. Müsavat Partiyası isə ikincini - insanlarda olan inamsızlığı  aradan  qaldırmaq  üçün  bu  seçkilərə  qatılamağı, minimum imkanlardan  belə istifadə etmək qərarını verdi. Xeyli işlər də görüldü. Görüşlərimizdə xeyli  yeni insanlarla təmas  qurduq, inam hissinin müəyyən qədər yaranmasına yardımçı olduq,  yaxud  inamın tamam  ölməsinə bacardığımız  qədər  imkan vermədik.  Bunu da hakimiyyət, illah ki,  son  illərdə  istər siyasi,  istərsə  də sosial-iqtisadi vəziyyətin  daha  da pisləşməsi  fonunda yaxşı bildiyindən xalqla  əsas  təmas yolu olan efir vaxtını belə  Müsavata verməkdən  imtina etdi. O zaman isə seçkilərdən imtina, yaxud dedyiniz  kimi boykot  qərarı daha effektli, daha diqqətçəkən oldu, nəinki seçkidən öncə verilən boykot qərarı. Bundan başqa, siyasi partiyanın missiyalarından  biri də cəmiyyətdən  bir addım  öndə  olmasının  vacibliyidir.  Bunun  nəticəsidir  ki, son zamanlar hakimiyyətə  olan  beynəlxalq  tənqidlərdə Müsavatın  son parlament seçkilərində  göstərdiyi  fəaliyyətin və qarşılaşdığı maneələrin də rolu var. Beynəlxalq mətbuat həmin ərəfədə vəziyyəti  geniş  işıqlandırıb. Bildiyim qədər Müsavatın  seçkidən imtina qərarı  Avropada  bir  ilk  olub. Seçkidən öncə qərar verən partiyalara gəlincə isə, köhnə dostlar  inciməsin - onlar  prinsipial, daha  lazımlı və həlledici  məqamlarda ya gecikiblər,  ya da tələsiblər. Bunu son 10-15 il üçün siyasi  prosesləri az-çox izləyən, müşahidə aparan  hər kəs görə bilər. Amma yenə istənilən  qərara  hörmətlə yanaşaq. 

- Müsavatın bölgədəki digər təşkilatları ilə əlaqələriniz hansı səviyyədədir? 

- Müsavatın bölgədəki təşkilatları ilə əlaqələr normaldır. Vaxtaşırı ya zona müşavirələrində, ya da şəxsi təşəbbüslər əsasında görüşüb dərdləşirik.

"Son devalvasiya əhalidə çaşqınlıq yaradıb"

- Ölkədəki iqtisadi böhran bölgələrdə necə hiss olunur?

- Azərbaycan  iqtisadiyyatının  əsasən neftdən asılılığı  artıq  fəsadlarını konkret  olaraq göstərməkdədir. İllərdir  müxalifətin, Müsavatın  bəyan etdiyi  qüsürlar  artıq hakimiyyət  tərəfindən də  etiraf olunmağa başlayıb. Lakin  vəziyyətədn çıxmaq  üçün  hakimiyyətin  davranışları  ümidverici  deyil.  Onsuz da  son  illər sosial  təminatın daha  da zəifləməsi, əhalinin gəlirlərinin azalması müşaidə olunurdu və  bu hakimiyyət üçün ciddi siqnallar  sayılmalı  idi.  Bu azmış  kimi son günlər  manatın  dəyərdən  düşməsi,  yeni  bahalaşma  dalğasının  artıq baş verməsi  insanları daha da çətin duruma  salıb.  Azərbaycan  kimi əhalisi  çox olmayan, təbii  ehtiyatları  və digər  xüsusi  üstünlükləri  olan  ölkənin  vərtandaşı belə yaşamamlıdır. Baş  verən iqtisadi  təlatümlər mövcud hakimiyyət  komandasında  peşəkarlığın  aşağı səviyyədə  olması və sistemsiz fəaliyyətinin nəticəsidir.  Bu gün  iqtisadi  çətinliklərimizin baiskarı  kimi  xarici  dövlətləri səbəb göstərmək, belə çətinliklərin başqa ökələrdə də baş verdiyini  deyib xalqa  yalançı  təsəlli  vermək ən azı qeyri-səmimilikdir. İqtisadiyyatı  şəffaf, cəmiyyəti  isə  azad və  qanunların  aliliyi  ilə idarə  olunan  ölkələrin  heç birində  belə problemlər yaşanmır. Demək, iqtisadiyyatın  inkişafı, sabitliyi və davamlılığı  ölkənin vətəndaş  cəmiyyətinin  inkişafından  keçir. Mövcud çətinlikləri  şübhəsiz ki, əyalətlərdə  yaşayan insanlar daha  tez hiss etməyə başlayrlar. Bu baxımdan Masallıda da vəziyyət yaxşı deyil. Son devalvasiya əhalidə çaşqınlıq yaradıb. 210  minlik  rayonda gənclərin   problemləri  daha  çox  nəzərə  çarpır. Xüsusən  işsizlik ağır problem olaraq qalır. İnsanların  üzünə  sanki  ümidsizlik  hopub. Bu heç də təkcə maddi  vəziyyəti  pis olan vətəndaşlara aid deyil, həmçinin az-çox  maddi imkanı olanlara  da aiddir. Bütövlükdə bu, vətəndaş-dövlət münasibətlərinin yerində olmamasından qaynaqlanır. Təəssüf  ki, vəziyyət belə  davam  edərsə,  yaxınlarda  ümidverici bir şey gözlənilmir. Əgər hakimiyyət ənənəvi ritorikasından əl çəkmədən  problemlərin səbəbini  yalnız  neftin qiymətinin aşağı düşməsində və xarici faktorlarda görəcəksə, demək, bizi daha böyük çətinliklər gözləyir. Çıxış yolu isə demokratik islahatlardan keçir.

Şəmşad AĞA
Arqument.Az