Bizi özümüzə tanıdan Nəcəf
25-06-2024 14:28 / Bu xəbər 2083 dəfə oxundu
Çingiz Sultansoy
24 iyun çağdaş Azərbaycan demokratik mətbuatının yaradıcılarından biri, Həsən bəy Zərdabi və Cəlil Məmmədquluzadə ənənələrinin görkəmli davamçısı, "Azadlıq" qəzetinin təsisçisi, "Turan" informasia agentliyinin həmtəsisçisi, Azərbaycan Xalq Hərəkatı və milli-azadlıq mübarizəsinin nüfuzlu nümayəndəsi, istiqlalçı deputat Nəcəf Nəcəfovun (1955-1999) doğum və anım günüdür.
Bu yazını Nəcəf bəyin ölümündən az sonra, xatirə kitabı üçün yazmışam, mətbuatda çap olunmayıb.
***
İndi bizdən uzaq görünən 89-cu il.
Nəcəf Nəcəfovun baş redaktor olduğu "Молодежь Азербайджана” qəzeti, o vaxtlar rəsmi mətbuatda və deyildiyi kimi, "Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında hadisələr” haqqında həqiqəti yazmağa cəsarət edən yeganə qəzet idi.
Yeganə qəzet idi ki, onu Qorbaçovun "perestroyka” və "qlasnost” dövrünün aşkarlıq mətbu orqanı, indiki anlamda əsl qəzet adlandırmaq olardı.
Nəcəf Nəcəfovu onda vəzifədən təzə çıxarmışdılar və ya, eyni şeydi, öz ərizəsi ilə işdən çıxmağa məcbur eləmişdilər – "işində yol verdiyi nöqsanlara görə”.
"İşindəki nöqsanlar” ondan ibarət idi ki, Nəcəfin qəzeti Dağlıq Qarabağ problemi haqqında olanları yazırdı, hər bir azərbaycanlı, Azərbaycan vətəndaşı, ağlı başında və məntiq haqqında azca təsəvvürü olan hər bir normal insanın düşündüyünü yazırdı. Digər Azərbaycan qəzetləri bu problem haqqında indi unudulmaqda olan "xalqlar dostluğu” və "proletar beynəlmiləlçiliyi” ruhunda materiallar verirdi.
Nəzərə alsaq ki, o dövrün erməni və mərkəzi, yəni Moskvada çıxıb bütün SSRİ-də yayınlanan qəzetləri Azərbaycan və azərbaycanlılar haqqında həqarət və böhtan yazır, "tarixi ədalətsizlik”dən şikayətlənirdi və nəticə olaraq, "Dağlıq Qarabağ ermənilərinin ədalətli tələblərini” yerinə yetirməyə çağırırdı, məsələ aydın olar. Ən müxtəlif rəyləri dərc edən müstəqil qəzetlər bolluğunda böyüyən indiki gənclərə o dövrün kommunist və komsomol qəzetlərinin, - başqası yox idi, - nə dərəcədə miskin olduğunu təsəvvür etmək belə çətindir. Amma fakt faktlığında qalır: erməni və rus qəzetləri bizi söyüb Dağlıq Qarabağı tələb edən vaxtı Nəcəf Nəcəfovun " Молодежь Азербайджана” qəzetindən və işlədiyim, Məmməd İsmayılın başçılıq etdiyi "Gənclik”-"Молодость” jurnalından başqa bütün respublika qəzetləri ermənilərə "qardaş” deyib beynəlmiləl dostluğumuzdan dəm vururdular.
O qəzetlərin baş redaktor və müxbirləri isə ürəklərini çayxanalarda boşaldırdılar. Xatırladıram ki, "Azadlıq” qəzeti, Sabir Rüstəmxanlının "Azərbaycan” həftəliyi və onlardan sonra gələn qəzetlər hələ yaranmamışdı...
Nə isə, Nəcəfi işdən çıxarıb "Бакинский рабочий” qəzetinə, - ya da "Вышка”ya, dəqiq yadımda deyil, - şöbə müdiri təyin etdilər. Mən də xəstələnmişdim, "Gənclik” redaksiyasına işə getmirdim, boş vaxtım vardı, fürsətdən istifadə edib o vaxt SSRİ Jurnalistlər İttifaqının bir hissəsi olan Azərbaycan Jurnalistlər İttifaqına üzv olmaq qərarına gəldim.
Hazırlanası sənədlər içərisində ən vacibi üç tövsiyə idi. Sanballı, tanınmış iki jurnalist mənə zəmanət verdi, üçüncüsünü Nəcəf Nəcəfovdan almaq qərarına gəldim. "Молодёжка”da bir neçə yazım getmişdi, bəzilərini Nəcəfin tapşırığı ilə hazırlamışdım, bu səbəbə onun oturduğu darısqal redaksiya otağının qapısını ürəklə açdım.
Nəcəf müəllim xahişimi eşidib təəccübləndi:
- Məndən almaq istəyirsən? Özü də indi?..
Amma razı olub möhlət istədi. Bu dəfə mən təəccübləndim – mən biləni, yaradıcılıq ittifaqlarına zəmanət iki-üç, maksimum beş-on dəqiqəyə, "diziüstə” yazılır. Nəcəf isə bu işə başqa cürə yanaşdı. Oturmağı, bir siqaret çəkməyi təklif etdi və yarım saat ərzində Jurnalistlər İttifaqına zəmanət yazdı.
Bu zəmanət birnəfəsə, qələm kağızdan ayrılmayaraq yazılmadı. Nəcəf onun üzərində ciddi, fikirləşə-fikirləşə çalışdı, burasına bir cümlə əlavə etdi, orasından bir-iki söz çıxartdı, ağıllı-başlı redaktə işindən sonra üzünü ağartma köçürüb mənə uzatdı.
Böyük maraqla, özümü yeni, gözləmədiyim tərəfdən görüb tanıyaraq oxuduğum zəmanətdə indiyəcəm yazdıqlarım, güclü və zəif tərəflərim təhlil edilib səciyyələndirilmişdi.
Yazını öyünə-öyünə götürüb - Nəcəf Nəcəfov mənə yüksək qiymət verərək Jurnalistlər İttifaqına üzv olmağımı tövsiyə edirdi, - iş-gücümün dalınca getdim, amma həmin gün də, bir həftə sonra da, bir ay, bir il, beş il sonra da fikrimdə həmin yazıya qayıdırdım.
Nəcəf özüm haqqında, bəlkə də, dumanlı şəkildə duyduğum, bildiyim, amma tam anlamadığım, dərk etmədiyim məqam və mətləbləri yazıb mənə çatdırmışdı...
Bu əhvalat niyə yadıma düşdü?
Nəcəf Nəcəfov hətta zəmanət kimi kiçik işə də formal yanaşa bilmirdi, vaxtını, ürəyinin odunu, qələminin şirəsini əsirgəmirdi.
Məni özümə tanıtdıran o zəmanəti indiyə qədər də saxlayıram...
1999