Bizim milli komanda: Nəticədən və oyundan daha vacib məsələ

Bizim milli komanda: Nəticədən və oyundan daha vacib məsələ

08-06-2021 17:39 / Bu xəbər 370 dəfə oxundu

Başqalarının yetişdirdiyi futbolçular oynayır, Azərbaycan uduzur

Futbol üzrə Azərbaycan milli komandası son həftələrdə üç yoxlama oyununda qüvvəsini sınadı. Milli komanda Belarusu məğlub etdisə (2:1), Türkiyə (1:2) və Moldova yığmalarına (0:1) uduzdu. Millinin oyunlarının nəticələrindən, hətta meydanda sərgilənən futbolun keyfiyyətindən danışmayacağıq. Bunlardan daha vacib məsələ var. O məsələ ki, Azərbaycan yığması yaşıl meydanda hansı oyunu göstərir-göstərsin, nəticə nə olur-olsun, biz uduzmuşuq. Futbolumuzun gələcəyini uduzmuşuq.

AFFA-nın "azərbaycanlı xanımlar”ı

Yeliz Acar, Alina Dorofeyeva, Nazlıcan Parlak, Kristina Bakarandze, Mislina Gözukara, Peritan Bozdağ, Bilge Su Koyun… Bunlar hansısa film, serial qəhrəmanlarının adları deyil. Bu xanımlar futbol üzrə Azərbaycan milli komandasının üzvləridir. Milli komandanın təlim-məşq toplanışı, oyunu olandan-olana, bir və ya bir neçə günlüyə "azərbaycanlı” olurlar, sonra yenidən qayıdırlar öz ölkələrinə, ya da formasını geyindikləri klubların düşərgələrinə. Azərbaycan futboluna rəhbərlik edənlər üçün – başda AFFA prezidenti Rövnəq Abdullayevlə federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov olmaqla - bu xanımlara Azərbaycan pasportu verdirmək problem deyil, hətta su içmək qədər asandır. Bu günə qədər ayağı top tutan kimlərə Azərbaycan pasportu verilməyib…

Azərbaycanda qadın futbolu heç vaxt kişi futbolu qədər populyar olmayıb və çox güman, futbol var olduqca da, ola bilməyəcək. Qadın futboluna diqqət və qayğı göstərmək Azərbaycan kimi özü də, futbolu da kiçik ölkələrin qarşısında FİFA-nın qoyduğu tələblərdən biridir. Kələk gəlmək üzrə dünya çempionatı keçirilsə, birinci olacağına şübhə etdirməyən AFFA rəhbərliyi də FİFA-nın bu tələbi qarşılığında gedib türkiyəli, rusiyalı, ukraynalı, gürcüstanlı xanımlarla danışır, onları razı salır (təbii ki, hansısa maddi təkliflərlə), Azərbaycan pasportunu verib, buraxır meydana. Alinalar, yelizlər, kristinalar, nazlıcanlar, mislinalar, peritanlar da futbol oynasa, dərd yarıdır. Məsələn, Azərbaycanın qadınlardan ibarət futbol millisi Avro-2019-un seçmə mərhələsində keçirdiyi 6 oyunun hamısında uduzmuşdu. Özü də böyük hesablarla: Çexiyaya 0:3, 0:4, Polşaya 0:3, 0:5, Moldovaya 1:3, İspaniyaya 0:4 hesablı məğlubiyyətlər. AFFA-nın Avropanın müxtəlif ölkələrindən toplayıb gətirərək, "azərbaycanlı xanım” etdiyi bu futbolçuların gücü, potensialı cəmi-cümlətanı bir qol vurmağa çatıb. Rüsvayçılıqdır? Hə, amma bütün oyunları uduzub, cəmi bir qol vurmaqdan da rüsvayçı şeylər var. Ən böyük rüsvayçılıq idmanın şahı sayılan futbolun Azərbaycanda gördüyü münasibət, yaşadığı müsibətdir.

AFFA-nın futbolun zərif üzünün – qadın futbolunun başına açdığı oyunlar haqda bu qədər. Daim göz önündə və diqqət mərkəzində olan kişi futbolçulardan ibarət milli komandanın yaşadıqları, bizə yaşatdıqları daha çox ağrıdır, daha çox yandırır.

AFFA-nın futbolun zərif üzünün – qadın futbolunun başına açdığı oyunlar haqda bu qədər.
Mənbə: AFFA-nın rəsmi səhifəsi

Başqalarının yetişdirdiyi futbolçular

Azərbaycan millisinin Moldova yığması ilə yoxlama matçında maraqlı bir məqam diqqət çəkdi. Azərbaycan yığmasının oyuna start heyətində başlayan üzvlərindən nə az, nə çox, düz yeddisi başqa ölkələrin yetişdirdiyi oyunçular idi. Sonradan futbolun sirlərinə başqa ölkədə yiyələnən daha iki futbolçu meydana çıxdı, dördü isə sonadək ehtiyatda qaldı.

Moldova ilə yoxlama oyununda Azərbaycan milli komandasının start heyətində yer alan, başqa ölkələrin yetirməsi olan 7 futbolçu:

Mehdi Cənnətov – Rusiya
Bədavi Hüseynov – Rusiya
Anton Krivotsyuk – Ukrayna
Höccət Haqverdi – İran
Emin Mahmudov – Rusiya
Aleksey İsayev - Rusiya
Ramil Şeydayev – Rusiya

Moldova ilə matçda əvəzetmədən meydana çıxan, başqa ölkələrin yetirməsi olan 2 futbolçu:
 

Anatoli Nuriyev – Ukrayna
Rüstəm Əhmədzadə – Ukrayna

Moldova ilə görüşdə axıradək ehtiyada qalan, başqa ölkələrin yetirməsi olan 4 futbolçu:

Elvin Bədəlov – Rusiya
Murad Xaçayev – Rusiya
Rəhim Sadıxov – Rusiya
Əli Qurbani – İran

AFFA rəhbərliyinin - pardon, 14 ildir ölkə futbolunun xirtdəyindən yapışıb, qopmaq istəməyənlərin mahiyyəti budur: suvamaq, rəngləmək, kələk gəlmək.
Mənbə: AFFA-nın rəsmi səhifəsi

Bu futbolçulardan çoxu hansısa formada Azərbaycana bağlıdır, ya qohumluq əlaqələri ilə, ya da başqa nə iləsə. Məsələ bu deyil. Məsələ heç başqa ölkələrdə yetişən futbolçuların Azərbaycan millisinə dəvət edilməsini sorğulamaq da deyil (əslində, yığma komandanın bərbad nəticələrini göz önünə alaraq, sorğulamaq da olar). Müzakirə edilməli məsələ budur ki, Azərbaycan milli komandasının əsas heyətində başqa ölkələrdə yetişən, püxtələşən 7 futbolçu meydana çıxırsa, bəs biz özümüz kimi yetişdirmişik? Rövnəq Abdullayev, Elxan Məmmədov, AFFA-nın vitse-prezidentlərindən və əsas söz sahiblərindən olan Elşad Nəsirovun Azərbaycan futboluna rəhbərlik etdiyi 14 ildə ortaya yüksək səviyyədə də yox ha, orta səviyyəli hansı futbolçu çıxıb? Azərbaycan millisinin Avropada ən aşağı potensiallı komandalardan olduğunu nəzərə alsaq, AFFA-ya rəhbərlik edənlər 14 il ərzində ortaya heç aşağı səviyyəli futbolçu da çıxarmayıb. Çıxarsaydılar, bu gün milli komandada forma geyinənlər Rusiya, Ukrayna, İran futbol məktəblərinin yetirmələri olmazdı.

AFFA rəhbərliyinin - pardon, 14 ildir ölkə futbolunun xirtdəyindən yapışıb, qopmaq istəməyənlərin mahiyyəti budur: suvamaq, rəngləmək, kələk gəlmək. Üfunət iyi verən Azərbaycan futbolunun eyiblərinin, eybəcərliyinin üzərini Bakıda Avropa çempionatının bir-iki oyununu keçirməklə suvamaq, özləri heç bir futbolçu yetişdirmədən başqa ölkələrin "ishehsal etdiyi” futbolçuları milli komandaya dartmaqla rəngləmək və bütün bunları etməklə hər kəsə kələk gəldiklərinə özlərini inandırmaq.

Vəzifə həyat kimidir, əbədi olmur. Bir gün illərdir Azərbaycan futbolunun təpəsində kök salanlar da gedəcəklər. Ancaq o gün çox gec olacaq. Hətta o gün bu gün olsa belə, yenə də gecdir, biz futbolumuzun gələcəyini çoxdan uduzmuşuq.

Mənbə: Meydan TV