Blinken: “Biz vəziyyəti gərginləşdirən tədbirlərə, xüsusən Azərbaycana mane olmağa çalışırdıq”

Blinken: “Biz vəziyyəti gərginləşdirən tədbirlərə, xüsusən Azərbaycana mane olmağa çalışırdıq”

27-04-2022 16:48 / Bu xəbər 4068 dəfə oxundu

Deputat: "Azərbaycan vəziyyəti gərginləşdirən heç bir addım atmayıb”

Aprelin 26-da ABŞ Senatında Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aqibəti məsələsi müzakirə edilib.

Dövlət katibi Entoni Blinken xarici əlaqələr komitəsinin sədri, senator Bob Menendesin suallarına cavab verərkən deyib ki, 907-ci düzəliş illik qərardır:

"Biz idarələrarası yoxlama aparırıq. Bu yoxlama davam edir”.

Bayden administrasiyası ötən ilin aprelində 907-ci düzəlişin tətbiqindən imtina edib.

Növbəti qərarın qəbul edilməsi ərəfəsində bu məsələ yenidən qaldırılıb.

Məlumatı "Turan” yayıb.

Agentlik bidirib ki, Konqresin 1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul etdiyi bu düzəliş ABŞ-ın Azərbaycana dövlət yardımı göstərməsini qadağan edir. Ancaq 2002-ci ildən ABŞ onun tətbiqini dondurub və hər il bu qərarın müddəti uzadılır.

Blinken Senatda deyib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə çox fəal və birbaşa əməkdaşlıq edir: "Bir həftə əvvəl Baş nazir Paşinyan və Prezident Əliyevlə, eyni zamanda, onların xarici işlər nazirləri ilə telefon söhbətim olub. Biz Dağlıq Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanmanı irəlilətməyə çalışırıq. Həmçinin etimadın möhkəmləndirilməsinə yönəlmiş müxtəlif tədbirlər hazırlayır və irəli sürürük”.

"Biz vəziyyəti gərginləşdirən istənilən birtərəfli tədbirlərə, xüsusən Azərbaycan tərəfindən atılan addımlara mane olmağa çalışırdıq. Bizim sülh perspektivlərini irəlilətməyə kömək etmək üçün bir sıra proqramlarımız var”, – deyə Blinken əlavə edib.

"Vəziyyəti gərginləşdirmək Ermənistan hakimiyyətinin çoxdankı adətidir”

Deputat Vahid Əhmədov ABŞ dövlət katibinin fikriylə razılaşmır. O, Meydan TV-yə deyib ki, Azərbaycan tərəfindən vəziyyəti gərginləşdirən heç bir addım atılmayıb.

Deputat İlham Əliyevin Brüssel görüşünə istinad edərək bildirib ki, rəsmi Bakı 5 maddədən ibarət təkliflər paketini Yerevana təqdim edib: "Dövlət başçısı həm Brüsseldən sonra, həm də Şuşada bu barədə danışaraq Ermənistanın Baş nazirindən cavab gözlədiyini bildirdi. Amma çox təəssüf ki, Paşinyan Rusiya səfərindən sonra fərqli mövqe sərgilədi və mitinqlər təşkil etdi”.

"Məsələ ondadır ki, Paşinyan özü parlamentdə 5 təklifə razılıq verdiyini səsləndirmişdi. İkinci, hər iki dövlətin xarici işlər nazirləri telefon danışıqları zamanı birgə komissiya ilə bağlı razılaşıblar. Bəli, Ermənistan prosesi uzatmaq istəyir. Ancaq Azərbaycanın dövlət başçısı qəti mövqe nümayiş etdirir. Vəziyyəti gərginləşdirmək isə Ermənistan hakimiyyətinin çoxdankı adətidir”, – deputat belə deyib.

"Blinken gələcəkdən yox, keçmişdən danışıb”

Siyasi şərhçi Elman Fəttah Entoni Blinkenin açıqlamasının gələcəyə yox, keçmişə bağlı olduğu qənaətindədir: "Fərrux yüksəkliyində Azərbaycan ordusu irəliləmişdi, yəqin, ABŞ dövlət katibi bu məsələni nəzərdə tutub. Çünki Fərrux dağında irəliləyən tərəf Azərbaycan idi”.

E.Fəttah hesab edir ki, Blinken Dağlıq Qarabağ probleminin nizamlanması yaşının 30 ili keçdiyini də nəzərə almalıdır: "Təəssüflər olsun ki, 30 ildə ABŞ və ATƏT-nin Minsk Qrupu ölkələrinin fəaliyyəti münaqişənin nizamlanmasına heç bir töhfə verməyib. Bu baxımdan Blinken Azərbaycanın münaqişənin həllinə yönəlik addımlarını təqdir etməliydi, nəinki narazılıqla qarşılamalıydı. Çünki Azərbaycan tərəfi indiyə qədər mülki əhaliyə qarşı münasibətdə çox diqqətli yanaşıb, bundan sonra da belə davam edəcək”.
 
Münaqişənin bundan sonrakı nizamlanmasına gəlincə, siyasi şərhçi deyir ki, Brüsseldə başlanan prosesə daha çox ümidlidir: "Ümid edirəm ki, Blinken də problemin nizamlanmasını 30 illik ATƏT-nin Minsk Qrupu həmsədrliyindən çıxardaraq daha intensiv masa olan Brüssel prosesində davam etməsini nəzərdə tutub”.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları məhv etməkdə ittiham edib.