Blinken, Makron və Ərdoğan Əliyevə zəng edib

Blinken, Makron və Ərdoğan Əliyevə zəng edib

14-09-2022 12:30 / Bu xəbər 986 dəfə oxundu

Sentyabrın 13-də Fransanın Prezidenti Emmanuel Makron, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng ediblər.

Məlumatı "President.az” yayıb.

Bildirilir ki, Emmanuel Makron Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlə əlaqədar narahatlığını ifadə edib.

Telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Məlumatda qeyd olunur ki, Prezident Əliyev Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Əliyevlə telefon danışığı bildirib ki, Ankara hər zaman olduğu kimi Azərbaycanın yanındadır.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

ABŞ-ın Dövlət katibi Entoni Blinken də Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını bildirib.

İlham Əliyev hər üç ölkə başçısına gərginliyin Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verdiyini, buna görə də məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü deyib.

Entoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd edib.

Məlumatda ölkə başçısının dünən ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul etdiyi bildirilir:

"Görüşdə son 2 gündə Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olundu. İlham Əliyev Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etdi”.

Filip Rikerlə söhbət zamanı regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyinin vurğulandığı bildirilir.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.