Blinkenin köməkçisi Əliyevlə görüşündə medianın problemlərinə də toxunub
29-06-2024 00:43 / Bu xəbər 804 dəfə oxundu
"Biz Azərbaycanla əməkdaşlıq sahələrini möhkəmləndirmək və genişləndirmək istəyirik".
Bunu iyunun 28-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ-ın Azərbaycanla bir çox sahədə güclü və səmərəli tərəfdaşlığı var: "Bugünkü müzakirəmizin böyük hissəsi regiondakı vəziyyətə və hökumətlərin birlikdə daha səmərəli çalışmaq imkanlarına həsr olunub. Mən müzakirə etdiyimiz bir sıra konkret məsələnin üzərində dayanacağam. Biz Mərkəzi Asiyadan Atlantikaya qədər, şimaldan cənubadək uzanan regionda vəziyyəti gözdən keçirdik və hadisələrin necə inkişaf etdiyini müşahidə etdik".
Ceyms O’Brayn Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları məsələsinə də toxunub.
Diplomat bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür: "Münaqişənin həlli bütövlükdə region üçün səmərələri olacaq. Bu, hər bir ölkə üçün yaxşı olacaq və əsas tranzit ölkələri - Azərbaycan və Ermənistanda böyük iqtisadi imkanlar yaradacaq”.
Onun fikrincə, Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirməyə hazırdır.
Ceyms O’Brayn görüşlər zamanı Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdiyini vurğulayıb: "Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. İqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik”.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi "Azadlığa dəstək haqqında" Akta "907 saylı düzəliş”i ilə bağlı jurnalistin sualına cavab verib.
O, bu düzəlişi ABŞ-la Azərbaycan arasında sıx və dərin əməkdaşlığa maneə hesab etməyib: "Hesab etmirəm ki, bizim Konqresdə "907 saylı düzəliş"in ləğvi məsələsini nəzərdən keçirmək istəyi var, lakin istisnalar mövcuddur. Hər bir sonrakı administrasiya, respublikaçılar və demokratlar, şərtlər tələb olunduqda istisnalar təqdim edib. Hazırda mövcud olanları təhlil etməyə davam edirik. Düşünürəm ki, bizim Bakı ilə çox güclü işgüzar əlaqələrimiz var. Xüsusilə "907 saylı düzəliş”in mane ola bilməyəcəyi təhlükəsizlik və əməkdaşlıq sahələrində bu əlaqələr mövcuddur. İki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox səmərəli yollar tapır, ona görə də bu düzəlişin Azərbaycanla əməkdaşlığa maneə olduğuna inanmıram, sadəcə olaraq, həll etmək üçün birlikdə işlədiyimiz məsələlərdən biridir”.
Bundan əlavə, Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan Avropanın vacib qaz təchizatçısına çevrilib.
Ceyms O’Brayn Avropa ölkələrinin bəzilərinin Rusiya qazından tamamilə imtina etdiyini, bəzilərinin isə alınan qazın həcmini azaltdığını xatırladıb: "Azərbaycan Avropa üçün çox mühüm təbii qaz tədarükçüsüdür. O, səkkiz ölkəyə qaz nəql edir və yaxın gələcəkdə daha dörd dövlətə qaz tədarük etməyi planlaşdırır. Bu, vacib buferdir. Avropa ölkələri Rusiya qazından imtina ediblər. Bir çox ölkələrdə Rusiyadan qaz tədarükünün faizinin sıfıra endiyini görürük. Gözləyirəm ki, gələn il Rusiyadan Moldovaya uzanan cənub boru kəmərlərindən biri Rusiya qazının tranzitini dayandırdıqda, tədarük daha da azalacaq”.
Ceyms O’Braynın sözlərinə görə bu, Rusiyanı Avropa üzərində mühüm siyasi təsir rıçaqlarından məhrum edir.
Ceyms O’Braynın "Amerikanın Səsi"nin Orta Dəhlizin vacibliyi ilə bağlı sualına cavabında qeyd edib ki, Orta Dəhlizə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, eləcə də ABŞ-ın maliyyə korporasiyası və digərlərinin marağı ola bilər: "Orta Dəhlizin bütövlükdə region üçün çox vacib bir addım olduğuna inanırıq. Orta Asiya dövlətləri beynəlxalq bazara Rusiya və ya Çin vasitəsilə ixrac edirlər, indi onların Xəzər dənizi üzərindən keçərək bunu edə bilmək imkanını görürük. Bu yol Gürcüstandan keçə bilər və ya Ermənistanla Türkiyədən keçərək beynəlxalq bazara çıxması üçün böyük imkan var. Bu fürsət həm də nəqliyyat xərclərini aşağı salacaq, həmçinin geosiyasi müdaxilədən təhlükəsiz alternativlər təmin edəcək. Tacikistandan Türkiyəyə qədər bütün xalqlar bu dəhlizin açılmasından faydalanacaq. Biz inanırıq ki, bu, bütün maraqlı tərəflərin razılığı ilə edilməlidir və biz bilirik ki, bu, Ermənistan və Azərbaycan arasında anlaşmadan başlayır”.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Azərbaycanda görüşlər zamanı insan haqları və demokratiyanın vacibliyi məsələsinə toxunduğunu da diqqətə çatdırıb.
Ceyms O’Brayn müstəqil jurnalistlərə qarşı edilən təzyiqlərlə bağlı suala cavabında bunları deyib: "ABŞ ifadə azadlığının və müstəqil jurnalistikanın vətəndaş cəmiyyətinin əsas hissəsi olduğuna inanır. Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik. Bunu etməyə davam edirik. Söhbət zamanı vurğulanmışdır ki, müstəqil jurnalistikanın açıqlığı və irəliləməsi cəmiyyətin inkişafının və yetkinləşməsinin mühüm hissəsidir".
Ceyms O’Brayn həmçinin ABŞ Azərbaycanın NATO sammitinə dəvət edildiyini qeyd edib: "Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın da daxil olduğu NATO tərəfdaşlarının tədbirinə ev sahibliyi edəcək. Mən hər iki ölkənin iştirakını gözləyirəm. Bu ölkələr də daxil olmaqla, ümümilikdə 30 ölkə orda birgə iştirak edəcək".
NATO-nun Vaşiqnton sammiti 9-11 iyul tarixlərində keçiriləcək.