Bölünmədən bütövlüyə

Bölünmədən bütövlüyə

23-07-2022 02:03 / Bu xəbər 588 dəfə oxundu

Qubad İbadoğlu
ADR Partiyasının sədri

Rejimin Azərbaycan xalqına və dövlətinə vurduğu ən böyük ziyanlardan biri də bölünməyə əlverişli mühitdir. Bu mühitdə siyasi idarəçilik "parçala, hökm sür” prinsipi, iqtisadi idarəçilik klanlar əsasında bazarların bölüşdürülməsi bazasında qurulub. 

Nəticədə cəmiyyətin özünə güvəni itib, bəziləri həyatını və gələcəyini İran, bəziləri Rusiya, bəziləri Türkiyə, bəziləri Qərb, bəziləri Çin və ərəb dünyası ilə yaxınlaşmada görür. Çox əcaib bir durum yaranıb. Belə "çeşid” Cənubi Qafqazda yalnız azərbaycanlılara məxsusdur. Yaxın qonşularımızın iki seçimi var: Rusiya və Qərb. 

Gürcüstanda da, Ermənistanda da strateji seçim naminə mübarizə iki qrup arasında gedir. Azərbaycanda isə azadlıq şüuru, milli təfəkkürü və ideologiyası inkişafdan saxlanan xalq ən azı dörd tərəfə bölünüb, əhali də çaş-baş qalıb.

Çıxış yolu nədir?

Öncə hər bir vətəndaş Azərbaycan sevdalı olmalı, dövləti və onun strateji maraqlarını üstün tutmalıdır. Bu məqsədə yalnız xalqın hakimiyyəti nail ola bilər.

İkincisi, hansı mövqedə dayanmasından asılı olmayaraq hər kəsə qucaq açılmalı, biri rus, digəri fars, başqaları türk və ya Qərb pərəstişkarı kimi kənara itələnməli deyil.

Üçüncüsü, doğru olan kurs seçilməli və vətəndaşlar həmin seçimin üstünlükləri, uduşları və ziyanları ilə bağlı maarifləndirilməklə onlarda strateji düşüncə tərzi, dövlətçilik təfəkkürü formalaşdırılmalıdır.

Nəhayət, strateji düşüncəsi yaxın və ölkənin inkişaf kursuna baxışları eyni olanlar bir araya gəlməli, onların gücü və resursları ilə Azərbaycan düzgün inkişaf relsinə salınmalıdır.