BMT əməliyyatların dərhal dayandırılmasına çağırdı

BMT əməliyyatların dərhal dayandırılmasına çağırdı

20-09-2023 12:28 / Bu xəbər 734 dəfə oxundu

BMT-nin Baş katibi Antonio Quterreş Qarabağda əməliyyatların dərhal dayandırılmasını tələb edib.

"Turan" xəbər verir ki, Baş katib 2020-ci ildə əldə edilmiş razılaşmalara əməl olunmasının vacibliyini vurğulayıb: "2020-ci il üçün atəşkəs razılaşmasına və beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi əməl olunmasına, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıram".

Quterreş Qarabağdakı ağır humanitar vəziyyəti izlədiyini deyib.

Baş katib humanitar təşkilatların ehtiyacı olanlara maneəsiz çıxışını asanlaşdırmaq üçün təcili tədbirlərin görülməsini istəyib. 

Quterreş həmçinin münaqişə tərəflərini bölgədə möhkəm sülhün bərqərar olmasına çağırıb.

Əməliyyatların başlanmasında məqsəd nədir?

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu "Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.