BMT-nin Baş katibi G20 sammitinin nəticələrindən məyusdur
01-11-2021 12:53 / Bu xəbər 984 dəfə oxundu
BMT-nin Baş katibi Antoniu Qutyerreş "Böyük İyirmiliyin” Roma görüşünün nəticələrindən məyus olduğunu deyib.
Bununla belə o qeyd edib ki, ümidləri hələ tam ölməyib.
Rusiyanın "İnterfaks" agentliyinin yaydığı məlumatda deyilir.
"G20-nin dünya miqyaslı qərarlar çıxarmaq meylini alqışlasam da, mən Romanı həyata keçməyən arzularla tərk edirəm. Amma bu arzuların dəfn olunduğunu da söyləmək olmaz”, - Qutyerreş bazar günü "Tvitter" hesabında yazıb.
Baş katib bildirib ki, BMT-nin Qlazqoda keçiriləcək iqlim sammitində qlobal istiləşmənin 1,5 dərəcə səviyyəsində məhdudlaşdırmaq barədə hədəfi təsdiqləmək və digər vədləri yerinə yetirmək zəruridir.
Romada iki günlük müzakirələrdən sonra G20 görüşünün iştirakçıları qlobal istiləşmənin Selsi üzrə 1,5 dərəcə həddində məhdudlaşdırmaq barədə razılığı gəliblər.
Bu zaman etiraf olunub ki, bu məqsədə çatmaq - bütün dünya birliyindən əhəmiyyətli və effektiv tədbirlər görməyi tələb edir.
G20 görüşü 30-31 oktyabr tarixlərində Romada keçirilib. İtaliya ilk dəfə sammitə ev sahibliyi edib.
İqlim sammiti isə oktyabrın 31-dən noyabrın 12-ə kimi Qlazqoda keçiriləcək. Tədbirdə təxminən 200 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.












