BMT-nin Baş katibi Gəncə şəhərinin bombalanmasını qınadı

BMT-nin Baş katibi Gəncə şəhərinin bombalanmasını qınadı

19-10-2020 16:32 / Bu xəbər 867 dəfə oxundu

Antoni Qutteriş əhalinin hədəfə alınmasının qəbuledilməz olduğunu bəyan edib

BMT-nin Baş katibi Antoni Qutteriş Qarabağda Ermənistanla Azərbaycan arasında davam edən münaqişə zamanı mülki obyektlərin hədəfə alınmasını qınayıb. 

Lenta.ru xəbər verir ki, bu barədə Baş katibin nümayəndəsi Stefan Dücarrikin bəyanatında deyilir. 

"Baş katib münaqişə zamanı mülki obyektlərə edilən bütün hücumları qınayır", - deyə Dücarrik qeyd edib. 

Bəyanatda həmçinin Gəncə şəhərinə hücum zamanı olduğu kimi uşaqlar daxil olmaqla, mülki vətəndaşların ölümünün qəbuledilməz olduğu bildirilib. 

Stefan Dücarrik Quterrişin: "Hərbi fəaliyyətin dərhal dayandırılmasına dair çağırışlara hər iki tərəfin uzun müddət etinasız qalmasına dərin təəssüf etdiyini", - qeyd edib. 

Baş katibin tərəfləri beynəlxalq humanitar qaydalara və atəşkəsə əməl etməyə çağırdığı vurğulanıb.