BMT-nin İnsan Hüquqları Şurasının sessiyası çərçivəsində Azərbaycanla bağlı dinləmələr keçiriləcək
14-03-2024 14:48 / Bu xəbər 913 dəfə oxundu
Martın 15-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində "COP29 ərəfəsində Azərbaycanda media və vətəndaş cəmiyyəti təzyiq altında" mövzusunda paralel tədbir keçiriləcək.
Tədbiri Norveç İnsan Hüquqları Evi Fondu təşkil edir.
Tədbirdə siyasi mühacirətdə olan azərbaycanlı jurnalistlər - Arzu Qeybulla, Leyla Mustafayeva və Norveç İnsan Hüquqları Evi Fondunun nümayəndəsi Keti Abaşidze çıxış edəcəklər.
Fondun məlumatında deyilir ki, ötən ilin noyabrında BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanla bağlı icmala baxıldıqdan sonra ölkədə müstəqil KİV-ə və vətəndaş cəmiyyətinə qarşı təzyiq güclənib.
Xüsusən, jurnalistlər və fəallar həbs edilib.
"Sonuncu repressiyalar Azərbaycanda 235 siyasi məhbusun olduğu fonda baş verib. Bu məhbuslardan biri - alim və siyasətçi Qubad İbadoğlu həyati əhəmiyyətə malik tibbi yardımdan məhrum edilir və onun səhhəti ciddi şəkildə pisləşməkdə davam edir", - deyə Fondun məlumatında bildirilir.
Bütün bunlar 7 fevral prezident seçkiləri ərəfəsində baş verib, bir halda ki, Azərbaycan 2024-cü ilin noyabrında BMT-nin iqlim dəyişikliyi üzrə Konfransını qəbul etməyə hazırlaşır.
"Bütün bunlar Azərbaycanda insan hüquqları və fikri ifadə etmək azadlığı sahəsində vəziyyətlə bağlı ciddi suallar doğurur", - deyə İnsan Hüquqları Evi Fondu qeyd edir.